Azərbaycan paytaxtının yeni mənzillər bazarında dekabrda orta qiymət 3% düşüb

Azərbaycan paytaxtının yeni mənzillər bazarında dekabrda orta qiymət 3% düşüb
# 15 yanvar 2009 07:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayının sonuna Bakı şəhəri üzrə satış üçün təklif olunmuş yeni yaşayış mənzillərinin orta qiyməti noyabr ayı ilə müqayisədə 3,1% azalaraq 1167 dollar/kv. metrdən 1130 dollar/kv. metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 13,8 bənd azalaraq 428,9 bəndində qərarlaşıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Tikintisi davam etdirilən yeni tikililərin sayı noyabrla müqayisədə 12 ədəd azalaraq 555-ə enib. Yeni tikililərin sayının azalmasına səbəb dünya iqtisadi böhranın dərinləşməsi olub. Araşdırmalar göstərir ki, tikintinin tempində nəzərəçarpacaq geriləmə müşahidə olunur. Bu 555 binanın inşası 206 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, noyabr ayında 567 binanın tikintisi 212 tikinti şirkəti tərəfindən həyata keçirilib.
Ən çox yeni tikili paytaxtın Yasamal rayonu ərazisində aparılır. Dekabrda tikintilərin sayına görə Nəsimi rayonu ikinci, Xətai rayonu isə üçüncü yerdə öz mövqelərini qoruyub saxlayıb. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 67,1% təşkil edib.
Yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edir. Beş otaqlı mənzillər əsasən şəhərin I zonasının, 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşüb. Dekabr ayında 1 otaqlı mənzillərin orta sahəsi 58,6 (noyabrda 60,5) kv. metr, iki otaqlı mənzillərin orta sahəsi 91,2 (noyabrda 93,4) kv. metr, 3 otaqlı mənzillərin orta sahəsi 135,8 (noyabrda 133,8) kv. metr, 4 otaqlı mənzillərin orta sahəsi 180,1 (noyabrda 182,3) kv. metr, 5 otaqlı mənzillər üzrə isə orta sahə 236,4 (noyabrda 238,6) kv. metr təşkil edib. Yalnız 3 otaqlı mənzillər üzrə sahə artımı baş verib. Digər mənzillər üzrə isə sahə azalması qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR