Sumqayıtda Abşeron iqtisadi rayonunun sahibkarları üçün treninq-kurs keçirilib

Sumqayıtda Abşeron iqtisadi rayonunun sahibkarları üçün treninq-kurs keçirilib
# 14 aprel 2009 11:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Sumqayıtda sahibkarlar üçün Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına güzəştli kreditlərin alınması məqsədilə təqdim olunan investisiya layihələrinin qiymətləndirilməsinə dair treninq-kurs keçirilib. APA-nın məlumatın görə, tədbir İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və SKMF tərəfindən təşkil olunub.
Treninq-kursun açılış mərasimində çıxış edən fondun sədri Şirzad Abdullayev bildirib ki, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsinə həsr olunmuş treninqdə Abşeron, Xızı rayonları və Sumqayıt şəhərində fəaliyyət göstərən sahibkarlar iştirak edir. Belə bir treninqlər bu günlərdə Lənkəran və Şəki rayonunda da keçirilib. Bu tədbirin digər iqtisadi rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.
«Xəzər» SC-nin prezidenti Qüdrət Kərimov isə bildirib ki, Azərbaycan öz iqtisadiyyatı ilə dünya təsərrüfat sisteminə təsir etməkdədir. Onun sözlərinə görə, bu gün alıcılıq qabiliyyəti aşağı düşüb və bu istehsala öz təsirini göstərir. «Xəzər»in prezidenti hesab edir ki, belə təbdirlər sahibkarların dövlətə olan inamını artırır. Q.Kərimov bu gün yerli sahibkarların dövlətin himayəsinə böyük ehtiyacının olduğunu da söyləyib. Sahibkarın sözlərinə görə, indiyədək yerli iş adamları yeni iş yerləri yaratmaq istəyirdilərsə, bu gün onlar mövcud iş yerlərini qorumağa çalışırlar. Q.Kərimov sahibkarların adından əlaqədar qurumlara xahişlə müraciət edib: «Bütün sahibkarların adından xahiş edirəm ki, indiyədək himayəyə adlığınız sahibkarlara daha çox yardım göstərəsiniz, kreditlərin müddətini artırasınız, heç olmasa müəyyən vaxtda onlara qarşı dözümlülük göstərəsiniz».
Açılış mərasimindən sonra Bakı Biznes Tədris Mərkəzi və SKMF-in mütəxəssisləri sahibkarları maraqlandıran sualları cavablandırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR