Azərbaycan prezidenti İsveçrənin Holsim Group şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Markus Akermanı qəbul edib

Azərbaycan prezidenti İsveçrənin Holsim Group şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Markus Akermanı qəbul edib
# 14 aprel 2009 16:21 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Holsim Group şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Markus Akermanı qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişafın davam etdiyini, ölkəmizdə yeni iş yerlərinin açılması, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirib.

Prezident xarici sərmayənin cəlb olunması və xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şəraitin yaradıldığını deyib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayan dövlət başçısı Holsim şirkəti ilə tərəfdaşlığın da böyük əhəmiyyət daşıdığını qeyd edib, bunun Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verəcəyinə əminliyini söyləyib.

Dünyanın 70-dən çox ölkəsində çalışdıqlarını xatırladan M. Akerman Azərbaycandakı fəaliyyətlərindən məmnunluğunu bildirib. O bildirib ki, Holsim Group şirkəti yeni texnologiyalar gətirmək, ətraf mühitin mühafizəsi işinə sərmayə qoymaq və yüksək keyfiyyətli məhsul istehsal etməklə Azərbaycandakı sürətli inkişafı dəstəkləyir.

Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu deyən Markus Akerman rəhbərlik etdiyi şirkətin ölkəmizdə gələcəkdə də fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR