Avropanın avtomobil bazarı apreldə kəskin artıb

Avropanın avtomobil bazarı apreldə kəskin artıb
# 19 may 2021 12:07 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələrində yeni minik avtomobillərinin satışları bu ilin aprel ayında illik nisbətdə 3,1 dəfə artaraq 862,23 min vahid təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin hesabatında bildirilir.

Qeyd olunur ki, əhəmiyyətli dərəcədə artıma baxmayaraq, ötən ay satışlar 2019-cu ilin aprel ayına nisbətən təxminən 300 min avtomobil az olub.

Ən yüksək artım İtaliya və İspaniyada qeydə alınıb (müvafiq olaraq 33,7 və 18,9 dəfə). Fransada artım 6,7 dəfə, Almaniyada isə 1,9 dəfə olub.

Avropada Fransanın avtomobil istehsalçısı "Stellantis"in (əvvəlki adları "Fiat" və PSA) yeni avtomobillərinin satışları bir ayda illik nisbətdə 4,3 dəfə, "Volkswagen Group"un – təxminən 3 dəfə, "Renault" qrupun isə 1,8 dəfə artıb.

Ümumilikdə, bu ilin ilk dörd ayında Aİ-də yeni minik avtomobillərinin satışı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24,4% artaraq 3,4 milyona çatıb.

Dörd ən böyük bazara gəldikdə, ən böyük artım İtaliya və Fransa göstərib – müvafiq olaraq 68,4% və 51%. Eyni zamanda, bu il ilk dəfə aprel ayında İspaniya (18,8%) və Almaniya (7,8%) müsbət nəticələr nümayiş etdiriblər.

Xatırladaq ki, fevralın əvvəlində Avropa Avtomobil İstehsalçıları Birliyi Aİ-də avtomobil satışlarının koronavirusun yaratdığı böhrandan çıxmağa başlayacağını və ilin sonuna 10% artacağını proqnozlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR