Azərbaycan istehsalçıları Moskvada tekstil sərgisinə qatılıb - FOTO

Azərbaycan istehsalçıları Moskvada tekstil sərgisinə qatılıb - FOTO
# 14 sentyabr 2021 14:57 (UTC +04:00)

Rusiya paytaxtında “Heimtextil Russia 2021" sərgisi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Ekspotsentr” Sərgi-Konqres Mərkəzində keçirilən dünyanın ən böyük ev tekstili, təchizatçıları və dizaynerləri sərgisində Azərbaycanı İqtisadiyyat Nazirliyinin və “AZPROMO” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə “Made in Azerbaijan” vahid stendi altında 9 şirkət təmsil edir.

Sərginin açılışında çıxış edən Azərbaycan Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev növbəti illərdə ölkəmizin bu beynəlxalq sərgidə daha geniş stendlə iştirak edəcəyinə, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin təkcə ərzaq mallarının ixracı deyil, həm də tekstil sahəsində də inkişafına ümidvar olduğunu bildirib: "Builki sərginin ekspozisiyasında “Azərxalça” ASC-nin məhsulları xüsusi yer tutur. Burada həm qədim, həm də müasir üslubda toxunmuş əl xalçalarını görmək olar. “Azərbaycanda xalçaçılıq sənətinin tarixi uzaq əsrlərə gedib çıxır. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan xüsusi şərait sayəsində bu sənət növü ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxışında sərgidə Azərbaycanda ən böyük əl işi xalça istehsalçısı olan “Azərxalça” ASC-nin fabriklərində hazırlanan xalçaların təqdim olunduğunu söyləyib. “Azərxalça” ASC-nin Azərbaycanda 21 müəssisəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran E.Məmmədov bildirib ki, Azərbaycan xalçaları əsrlərlə İpək yolu vasitəsilə Rusiya bazarlarına çıxarılıb: "“Heimtextil Russia 2021" sərgisi bu ənənəni dirçəltməyə imkan yaradacaq. 2010-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçaları UNESCO-nun “Qeyri-maddi mədəni irs” siyahısına daxil edilib. Hər bir xalça sənət əsəridir. Onun ərsəyə gəlməsi üçün aylarla vaxt sərf olunur. Sərgiyə gələnlər müəssisədə istehsal olunan eksklüziv məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə və ala bilərlər”.

Qeyd edək ki, “Heimtextil Russia 2021" sərgisi Rusiyada 23-cü dəfə keçirilir. Sərgi 20-dən çox ölkənin ev tekstili və dekoru sahəsində çalışan mütəxəssisləri ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək, dizayn sahəsində yeni trendlərlə tanış olmaq imkanı yaradır. Sərgi sentyabrın 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR