Azərbaycan pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyini davam etdirir

Azərbaycan pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyini davam etdirir
# 23 iyun 2021 12:53 (UTC +04:00)

Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşlarının sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlara yeni verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılmasını davam etdirir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 31 may tarixinədək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1 026 müraciət üzrə 258,3 mln. manat kreditə 149,7 mln. manat məbləğində dövlət zəmanəti verilib. Mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 mln. manat olan 4 497 müraciətə 57 mln. manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 mln. manat subsidiya ödənişi həyata keçirilib.

Qeyd edək ki, sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR