Azərbaycan Rusiyadan qənnadı məmulatları idxal edən əsas ölkələr sırasına daxil olub

Azərbaycan Rusiyadan qənnadı məmulatları idxal edən əsas ölkələr sırasına daxil olub
# 08 sentyabr 2021 12:12 (UTC +04:00)

Bu ilin birinci yarısının yekunlarına görə, Azərbaycan Rusiyadan qənnadı məmulatları idxal edən əsas üç ölkə sırasına daxil olub.

APA-Economics” “Askond” Şirniyyat Müəssisələri Assosiasiyasına istinadən verdiyi məlumata görə, Rusiya şirniyyatları dünyanın 94 ölkəsinə tədarük olunur, lakin ən aktiv alıcı Qazaxıstandır (27%). Bu ölkənin ardınca Belarus və Azərbaycan gəlir. Avropa ölkələri, Yaxın Şərq və Cənubi Amerika dövlətləri də Rusiyadan qənnadı məmulatları ilə maraqlanmağa başlayıb.

Qeyd olunur ki, Rusiyadan şirniyyat məhsulları ixracı 2021-ci ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 16,5% artaraq 329,6 min tona yüksəlib. Ölkə tədarükdən 709,5 mln. ABŞ dolları məbləğində qazanc əldə edib (+19,3%).

Satışların təqribən yarısı şokolad məhsullarının payına düşüb – 47,7% və ya 338,6 mln. dollar. Həcm baxımdan bu, ümumi tədarükün 39,9%-ni (131,7 min ton) təşkil edib. Şokolad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% artıb.

Bu il Rusiya 75 ölkəyə şokolad tədarük edib ki, əsas idxalçılar əsasən MDB ölkələri olub – Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan və Çin.

Un məhsullarının tədarükü 12,8% artaraq 146,6 min tona, şəkərli qənnadı məmulatları (zefir, marmelad və digərləri) 14,4% artaraq 51,3 min tona çatıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana 17,232 mln. dollar dəyərində 7 706,87 ton şokolad və ondan hazırlanan digər məmulatlar tədarük olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,1% və 15,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR