Azərbaycan və Türkiyə qarşılıqlı ticarətdə məhsul çeşidinin artırılmasını müzakirə edib

Azərbaycan və Türkiyə qarşılıqlı ticarətdə məhsul çeşidinin artırılmasını müzakirə edib
# 16 iyul 2021 12:59 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin nümayəndələri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) olub.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Azpromo-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, ölkələrarası iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm tərəfdaşlığın daha da dərinləşməsinə böyük imkanlar yaratdığını vurğulayıb, Azərbaycanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin genişlənməsində rolunu qeyd edib. O, Azərbaycanda çoxsaylı Türkiyə şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayaraq, uğurlu investisiya əməkdaşlığının həyata keçirildiyini diqqətə çatdırıb.

Ticarət müşaviri işğaldan azad olunmuş ərazilərimizin bərpasında, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanları ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarətdə məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR