Azərbaycanda faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

Azərbaycanda faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək
# 06 dekabr 2021 17:11 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 24-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Qazax rayonunda yerləşən “Həcərliqaya” və “Daş Salahlı” əhəngdaşı yatağının müvafiq olaraq 1,85 hektar və 8,5 hektar sahəsi, Abşeronda olan “Qırməki II” və “Zəyərdağ” kvars qumu yatağının müvafiq olaraq 2 hektar və 6 hektar sahəsi, Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Şahqaya” əhəngdaşı yatağının müvafiq olaraq 5,5 hektar və 2,5 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 17 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər toplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və Özəlləşdirmə portalında tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR