Azərbaycanda sahibkarlara güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib

Osman Xaliyev

© APA | Osman Xaliyev

# 02 sentyabr 2021 11:11 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib.

"APA-Economics"in məlumatına görə, bunu Fondunun fəaliyyətinə, sahibkarlar üçün tətbiq edilən yeni qaydalara dair mətbuat konfransında çıxış edərkən qurumun İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edən Osman Xaliyev deyib.

Onun sözlərinə görə, sadələşmə planı çərçivəsində sənədlər üzrə tələblər azaldılıb, tələblərə uyğun olaraq təqdim edilməyən müraciətlərin maliyyələşməsinə imtina verilmədən yenidən formalaşdırılması və çatışmazlıqların aradan qaldırılması məqsədilə banka geri qaytarılması mexanizmi yaradılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.

Sahibkarlıq subyektləri arasında aparılan sorğularda Fondun kreditləri üzrə müraciət edilərkən tələb olunan sənədlərin sayının çox olduğu bildirilib.

"Bununla əlaqədar, Fond tərəfindən müvafiq təhlillər aparılıb, tələb olunan sənədlər üzrə məlumatların alternativ mənbələrdən əldə edilməsi imkanları araşdırılaraq sadələşmə planı çərçivəsində ilk tədbir kimi tələb olunan sənəd sayının azaldılması barədə qərar qəbul edilib. Beləliklə, güzəştli kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər, müvafiq olaraq 10 və ya 12 sənəd təqdim etdikləri halda, dəyişikliklərə əsasən, kredit üzrə müraciət edən sahibkarlıq subyektləri hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq, 6 sənəd təqdim edəcəklər", - deyə O. Xaliyev qeyd edib.

SİF rəhbərinin sözlərinə görə, digər mühüm dəyişiklik sənədlərin notarial təsdiqinin aradan qaldırılması ilə bağlıdır.

"Plana əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına dair hüquqi sənədləri, fiziki şəxsin və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsi və sahibkarlıq subyektinin təqdim etdiyi investisiya layihəsi üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin notarial qaydada təsdiq edilməsinə ehtiyac qalmayacaq", - deyə o əlavə edib.

Həmçinin qeyd olunub ki, təhlillər nəticəsində ortaya çıxan digər məsələ tələblərə uyğun təqdim edilməyən sənədlərə görə maliyyələşməsindən imtina edilmiş müraciətlər üzrə sahibkarlıq subyektləri və kredit təşkilatları tərəfindən müvafiq sənədlərin təkrar yığılmasıdır.

"Dəyişikliklərə əsasən, təqdim edilən sənədlərə SİF-ə daxil olduqdan sonra 2 gün ərzində ekspertlər tərəfindən ilkin baxış keçiriləcək və çatışmazlıq aşkar olunduqda kredit üzrə müraciətə imtina verilmədən çatışmazlıqların aradan qaldırılması məqsədilə müvəkkil kredit təşkilatına geri qaytarılacaq. Çatışmazlıqlar olan sənədlərin baxılmadan kredit təşkilatlarına geri qaytarılması müvəkkil kredit təşkilatları və sahibkarlar üçün maliyyələşmə ilə bağlı vaxt itkisini aradan qaldıran ən vacib sadələşmə şərtlərindən biridir", - deyə O. Xaliyev qeyd edib.

Fondun rəhbərinin sözlərinə görə, digər məsələ güzəştli kreditlərə müraciət zamanı sahibkarlar 50 min manatdan yuxarı məbləği əhatə edən layihələri üzrə biznes plan təqdim etməli olurdu ki, bu da sahibkarlar üçün, xüsusən regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri üçün müəyyən çətinliklərə yol açırdı.

"Yeni dəyişikliklər 200 min manatadək kreditlər üzrə biznes-plan tələbinin aradan qaldırılmasını ehtiva edir. Bu dəyişikliyə əsasən, kreditlər üzrə sadələşmiş ekspertiza mexanizmi qurulur, biznes plan əvəzinə, yalnız zəruri məlumatlar alınmaqla maliyyə-kredit təhlili aparılır", - deyə Fondun rəhbəri bildirib.

Sonuncu vacib məqam ondan ibarətdir ki, 50 min manatadək kreditlər üzrə ilkin monitorinqin keçirilməsinə ehtiyac olmayacaq. Belə ki, sahibkarların qeyd olunan məbləğədək müraciətləri üzrə təqdim olunan məlumatları əsasında qiymətləndirmə aparılacaq. Bu, həmçinin layihəyə qısa zamanda baxılmasına şərait yaradacaq.

SİF tərəfindən qəbul edilən Sadələşmə planının tətbiqinə cari ilin 1 sentyabr tarixindən başlanılıb. Qeyd olunan sadələşmə güzəştli kreditlər üzrə müraciət edən sahibkarların işini asanlaşdıracaq, zamana və vəsaitə qənaəti, müraciətlərə müvəkkil kredit təşkilatı və Fond tərəfindən operativ formada baxılmasını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR