Azpromo-nun nizamnaməsi və strukturu təsdiq edilib

Azpromo-nun nizamnaməsi və strukturu təsdiq edilib
# 23 iyul 2021 16:26 (UTC +04:00)

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) nizamnaməsi və strukturu təsdiq edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – Azpromo-nun fəaliyyətinin təmin edilməsi və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, müəyyən edilib ki, Azpromo-nun nizamnamə fondu 1 mln. manatdır və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanda qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin qalığı hesabına formalaşacaq.

Nazirlər Kabinetinə xarici dövlətlərin investisiya təşviqi qurumlarının maliyyələşdirilməsi sahəsində mütərəqqi təcrübəsi nəzərə alınmaqla, Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Eyni zamanda Nazirlər Kabineti Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikası Prezidentinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi:

- Agentliyin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görsün;

- Agentliyin əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşlarının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmanda edilən dəyişikliyə əsasən, Agentlikdə Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.

Bu günə kimi Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılmalı idi.

Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlan Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılacaq.

Azərbaycan Respublikasının Prezidenti:

- nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- Agentliyin strukturunun təsdiqi səlahiyyətləri də həvalə edilib.

- Agentliyin idarəetmə orqanlarının yaradılması və Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada tədbirlər görəcək.

Azpromo-nun strukturuna Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin aparatı, nümayəndəlik və filialları aid olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR