Çində avtomobil satışları oktyabrda 14% azalıb

Çində avtomobil satışları oktyabrda 14% azalıb
# 08 noyabr 2021 16:25 (UTC +04:00)

Dünyanın ən böyük avtomobil bazarı olan Çində cari ilin oktyabr ayında avtomobil satışları ardıcıl beşinci aydır azalıb. Buna qlobal yarımkeçiricilərin çatışmazlığı səbəb olub.

"APA-Economics"in Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (China Passenger Car Association – CPCA) açıqlamasına istinadən verdiyi məlumata görə, oktyabrda ölkədə minik avtomobillərinin satışı illik müqayisədə 13,9% azalaraq 1,72 mln. vahid olub. Sentyabrda satışlar 17,3% azalaraq 2020-ci ilin yazından bəri ən sürətli azalma tempi nümayiş etdirib.

İlin sonuna qədər CPCA yeni minik avtomobillərinin (zavodlar tərəfindən dilerlərə) satışlarının 5% artacağını gözləyir. Bu proqnoz istehlak xərclərinin stimullaşdırılması üçün dövlət dəstəyinin artırılması amilinə əsaslanır. Assosiasiya yarımkeçirici çatışmazlığının ən azı gələn ilin əvvəlinə qədər davam edəcəyini də vurğulayıb.

Həmçinin qeyd edilir ki, 2021-ci ilin son iki ayında iqtisadi artımı məhdudlaşdıran amillərin artması və kiçik avtomobil ehtiyatları satış stimullarını məhdudlaşdıracaq.

Eyni zamanda, Çində yeni enerji mənbələrindən istifadə edən avtomobillərin, əsasən də elektromobillərin satışı oktyabrda iki dəfədən çox artaraq 321 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR