Dərnəgüldəki tikinti materialları bazarında ciddi qanun pozuntuları aşkarlanıb

Dərnəgüldəki tikinti materialları bazarında ciddi qanun pozuntuları aşkarlanıb
# 02 dekabr 2021 13:35 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tikinti materiallarının istehsalı və satışı sahəsində şəffaflığın təmin edilməsi, rəqabət mühitinin qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən əhali ilə nağd pul hesablaşmalarının qanunvericiliyin tələblərinə uyğun aparılması, qanunsuz sahibkarlıq və qanunsuz məşğulluqla mübarizə, sahibkarlıq subyektləri arasında ticarət əməliyyatlarının rəsmiləşdirilməsinə nəzarət məqsədilə Xidmətin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi paytaxt ərazisində yerləşən açıq və qapalı ticarət mərkəzləri və bazarlarda məlumatlandırma, monitorinq və vergi nəzarəti tədbirləri həyata keçirir. Hazırda belə tədbirlər Bakı şəhəri Dərnəgül şosesi ətrafında yerləşən sahibkarlıq subyektlərində aparılır.

“Noyabr ayının əvvəlindən etibarən qeyd edilən ərazidə 28 vergi ödəyicisinin ümumilikdə 91 təsərrüfat subyekti üzrə 4 sayda xronometraj metodu ilə müşahidə, 46 sayda nağd hesablaşmalara nəzarət, 42 sayda mal qalığı, 4 sayda isə əmək münasibətlərinə nəzarət üzrə operativ nəzarət qərarı açılıb və pozuntu törədən şəxslər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülüb. Həmin vergi ödəyicilərinin böyük əksəriyyətində əmək müqaviləsi bağlamadan işçilərin cəlb edilməsi, nəzarət-kassa aparatlarının (o cümlədən yeni nəsil nəzarət-kassa aparatlarının), eləcə də malların alışını təsdiq edən sənədlərin olmaması, vergi orqanlarına yalan məlumat təqdim etməklə aktiv ticarət fəaliyyəti olmasına baxmayaraq fəaliyyətin dayandırılması ərizəsinin verilməsi kimi kobud pozuntular qeydə alınıb”, - Dövlət Xidmətindən bildirilib.

Bundan başqa, vergi qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə, qeyd olunan sahədə fəaliyyət göstərən vergi ödəyiciləri ilə Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasında fərdi və kollektiv görüşlər keçirilir, ödəyicilərin qanunla müəyyən olunmuş hüquq və vəzifələri onlara izah edilir və fəaliyyətləri ilə əlaqədar sual yaradan məqamlara aydınlıq gətirilir.

Dövlət Vergi Xidməti bildirir ki, nəzarət tədbirləri qısa müddət ərzində respublikanın, o cümlədən paytaxtın digər ərazilərində də həyata keçiriləcək. Tikinti materialları da daxil olmaqla əmtəə xarakterli malların alqı-satqısı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR