IBF-də azad edilmiş torpaqların potensialı xarici biznesmenlərə nümayiş olunacaq

IBF-lə bağlı mətbuat konfransı

© APA | IBF-lə bağlı mətbuat konfransı

# 15 oktyabr 2021 17:10 (UTC +04:00)

Oktyabrın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) bu ilin 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forum (IBF – International Business Forum) ilə bağlı mətbuat konfransı keçirilib.

"APA-Economics"in məlumatına görə, KOBİA və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə keçirilmiş mətbuat konfransında Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı, MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar və MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun iştirak ediblər.

Tədbirdə Beynəlxalq Biznes Forum barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd olunub ki, 1995-ci ildən etibarən hər il müxtəlif ölkələrdə keçirilən Beynəlxalq Biznes Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır. 2020-ci ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilən 24-cü IBF Forumu çərçivəsində KOBİA və IBF rəhbərliyi arasında müvafiq tədbirin Bakıda keçirilməsi barədə razılıq əldə olunub və bu məqsədlə 2021-ci ilin 6 iyul tarixində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, KOBİA, MUSİAD və IBF-in təşkilatçılığı ilə keçiriləcək. IBF-ə üzv olan 25 ölkədən dövlət rəsmilərinin, iş adamlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palataları və biznes assosiasiyaların nümayəndələrinin iştirak edəcəyi forum çərçivəsində panel müzakirələr, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunacaq.

Forum çərçivəsində həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühitinin geniş investorlara tanıdılması, yerli və xarici investorlar arasında birbaşa əlaqələrin qurulması nəzərdə tutulur. İşğaldan azad edilmiş torpaqlarımızın iqtisadi və investisiya potensialı da forum zamanı xarici iş adamlarının və investorların diqqətinə çatdırılacaq, Qarabağ regionunda həyata keçiriləcək layihələrə IBF-ə üzv ölkələrdən investorların cəlb edilməsi təşviq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR