Pandemiyadan zərərçəkən sahibkarlara maliyyə yardımının ödənilməsində çatışmazlıqlar aşkarlanıb

Pandemiyadan zərərçəkən sahibkarlara maliyyə yardımının ödənilməsində çatışmazlıqlar aşkarlanıb
# 24 may 2021 16:32 (UTC +04:00)

Pandemiyadan zərərçəkən sahibkarlara ayrılan maliyyə yardımının ödənilməsində çatışmazlıqlar aşkarlanıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd olunub ki, Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli

135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” (“Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi” və “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi” kimi iki tədbir üzrə) istiqaməti üzrə nəzərdə tutulan vəsaitlərin icrasının ayrı-ayrı inzibati qurumlar üzrə hesabatlılığında 27,7 mln. manat məbləğində fərq yaranıb.

2020-ci ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim edilən sənədlərdə “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi” üzrə 269,1 mln. manat, “107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi” üzrə 116,7 mln. manat, ümumilikdə 385,8 mln. manat məbləğində büdcə vəsaitinin icra olunduğu göstərilib ki, bu da bu təyinatlar üzrə dürüstləşdirilmiş proqnoz göstəriciləri ilə eynilik təşkil edir (yəni, hesabatlarda dürüstləşdirilmiş proqnozların 100,0% icra olunduğu əks etdirilib).

Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının müvafiq bəndlərinin icrası tapşırılan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aparılmış auditlə isə “Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi” üzrə (243390 muzdlu işçiyə) 246,0 mln. manat, “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi” üzrə (107305 fərdi sahibkara) 112,1 mln. manat, ümumilikdə 358,1 mln. manat məbləğində büdcə vəsaitinin icra olunduğu müəyyən edilib ki, bu da dürüstləşdirilmiş proqnozun, müvafiq olaraq 91,4%-nə və 96,1%-nə (hər iki tədbir üzrə ümumilikdə 92,8%-nə) bərabərdir.

2020-ci ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim edilən sənədlərdə “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi” və “107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi” tədbirləri üzrə ümumilikdə icra olunmuş vəsait kimi göstərilən 385,8 mln. manat məbləğində büdcə vəsaitinin 27,7 mln. manatlıq (385,8-358,1) hissəsi İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti) xətti ilə qeyd olunan təyinatlar üzrə icra olunmadığı halda icra olunmuş kimi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR