Rusiya yaxın iki ilə Azərbaycanla ticarətin həcmini 5 mlrd. dollara çatdırmaq niyyətindədir

Rusiya yaxın iki ilə Azərbaycanla ticarətin həcmini 5 mlrd. dollara çatdırmaq niyyətindədir
# 17 noyabr 2021 13:36 (UTC +04:00)

İlk Rusiya işgüzar missiyasının nəticələrinə görə, Azərbaycanda layihələrin həyata keçirilməsi üçün “Roseksimbank” tərəfindən edilən dəstəyin həcmi 200 mln. ABŞ dollarını ötür.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə aşıqlamasında “Roseksimbank”ın İdarə Heyətinin sədri Azər Talıbov deyib.

O, gələcəkdə həyata keçiriləcək layihələrin həcminin bu məbləği xeyli üstələyəcəyinə əminliyini ifadə edib.

“Ümumiyyətlə, biz Azərbaycan bazarını kifayət qədər perspektivli görürük. Bu, Rusiya şirkətləri tərəfindən də yüksək qiymətləndirilir. Bu gün ikinci biznes missiyasına gələn Rusiya şirkətlərinin sayına baxmaq kifayətdir. Belə ki, bu gün Rusiyanın 30 ən böyük şirkəti Azərbaycana gəlib. Əminəm ki, biz bununla məhdudlaşmayacağıq, bu istiqamətdə ilk addımları atırıq. Bizim əsas vəzifəmiz Rusiya və Azərbaycan şirkətlərinin imkanlarını populyarlaşdırmaq, ümumi maraqları və bu gün haqqında danışdığımız layihələrin həyata keçirilməsi üçün platforma yaratmaqdır”, - deyə Talıbov bildirib.

O həmçinin əlavə edib ki, tərəflər arasında qarşılıqlı fəaliyyət potensialı çox böyükdür və dünya iqtisadiyyatı və ticarətinin üzləşdiyi bütün çətinlikləri Rusiya və Azərbaycan şirkətlərinin bir-biri ilə əməkdaşlığına mane ola bilməz.

“Bu ilin sonunadək Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 3 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır. Demək istəyirəm ki, bu, hədd deyil. Əvvəlki dövrlərdə biz 3,5 mlrd. dollarlıq rəqəmlər görmüşük. Əminəm ki, 5 mlrd. dollar rəqəmi 2022-2023-cü illərin sonunda görməli olduğumuz rəqəmdir. Bunun üçün səy göstərməliyik. Bunun üçün bir neçə problemi həll etmək lazımdır. Bu gün rəsmilərlə görüşdə danışacağımız məsələ həm Rusiyada azərbaycanlı sahibkarlar, həm də buradakı rusiyalı sahibkarlar üçün bizneslə məşğul olmaq üçün əlverişli şəraitin yaradılmasıdır”, - deyə A. Talıbov qeyd edib.

Onun sözlərinə görə, söhbət inzibati maneələrin və bürokratik çətinliklərin aradan qaldırılmasından gedir: “Bu, bütün tərəflərin qarşısına qoyduğu vəzifədir. Bu məsələdə ən əsası biznesin aparılmasında əlverişli şərait yaratmaq üçün hər iki tərəfin mövqelərini yaxınlaşdırmaq istəyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR