Şahbulaq əhəngdaşı yatağı üzrə investor seçiminə dair müsabiqə elan edilib

Şahbulaq əhəngdaşı yatağı üzrə investor seçiminə dair müsabiqə elan edilib
# 08 dekabr 2021 15:36 (UTC +04:00)

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalı layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır.

Məlumata görə, müsabiqə üzrə seçimə dəvət aşağıda qeyd olunan sənədlər təqdim edildikdən sonra aparılacaq:

- iddiaçının tam adı, hüquqi statusu. Hüquqi şəxsdirsə, nizamnamə, VÖEN şəhadətnaməsi və dövlət reyestrindən çıxarış, fiziki şəxsdirsə, şəxsiyyəti təsdiq edən sənəd və VÖEN şəhadətnaməsi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının maliyyə dayanıqlığı (son 3 ildə biznes dövriyyəsinin ardıcıl olaraq 1 (bir) milyon manatdan yuxarı olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və maliyyə hesabatları);

- iddiaçının biznes idarəçiliyi, komandası, (o cümlədən faydalı qazıntı yataqlarının istismarında) müvafiq layihələrdə iştirakına dair təcrübəsini təsdiqləyən məlumatlar; (həmçinin bura daxildir: dağ-mədən sahəsində fəaliyyət göstərən ixtisaslı kadrlar, maddi-texniki bazası və s.).

Qeyd edilir ki, Seçilmiş investorla birlikdə yaradılacaq hüquqi şəxsin səhm kapitalında AİŞ-in iştirak payı maksimum 30%-dir. Eyni zamanda, layihənin icrasına başlandıqdan 5-7 il sonra (maliyyə modelinə uyğun olaraq tərəflər arasında qabaqcadan razılaşdırılır) AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.

Müsabiqədə iştirak etməkdə maraqlı olan investorlar 20.12.2021-ci il tarixi, saat 17:00-dək qeyd olunan sənədləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin ünvanına təqdim edə bilərlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR