SİF: İlin sonunadək 500 mln. manatlıq kredit tələbi üzrə 60%-dək zəmanətin verilməsi gözlənilir

Osman Xaliyev

© APA | Osman Xaliyev

# 02 sentyabr 2021 13:44 (UTC +04:00)

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin 31 avqust tarixinə güzəştli kreditlər üzrə 945 investisiya layihəsinin maliyyələşdirilməsinə müsbət qərar verilib.

Bunu "APA-Economics"in sualını cavablandırarkən Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Osman Xaliyev deyib.

Onun sözlərinə görə, müraciətlər üzrə kredit tələbi 48,4 mln. manat təşkil edir. Təqdim olunan məlumatlar əsasında sahibkarlıq subyektləri tərəfindən yaradılacaq layihələr üzrə 1 428 yeni iş yerləri açılacaq.

"Zəmanət və subsidiya mexanizmi üzrə 2020-ci ilin 30 iyun tarixindən bu proqram qüvvəyə minib, həmin tarixdən 31 avqustadək kredit tələbi 362,6 mln. manat olan 1 648 müraciətlərə 211,4 mln. manat dövlət zəmanəti verilib. Eyni zamanda, 362,6 mln. manat kredit üzrə faiz xərclərinin yarısının subsidiyalaşdırılması dövlət tərəfindən həyata keçiriləcək", - deyə O. Xaliyev qeyd edib.

O, mövcud kreditlərin faizlərinin subsidiyalaşdırılması məsələsinə toxunarkən qeyd edib ki, SİF-də 30 iyun 2020-ci il tarixindən 31 avqust 2021-ci tarixinədək 5 836 müraciət daxil olub. Bu müraciətlərin 4 770-i müsbət dəyərləndirilib və onlar üzrə faiz xərclərinin subsidiyalaşdırılacağı hissə 60,5 mln. manat təşkil edir.

"Bildiyiniz kimi, zəmanət və subsidiya mexanizmi proqramı 500 mln. manat kredit tələbi üzrə hesablanıb. Fond tərəfindən ilin sonunadək bu kredit tələbinə 60%-dək zəmanətin verilməsi gözlənilir. Hazırkı durumda 362,6 mln. manat tələbini qarşılanması baş verib. Söhbət 211,4 mln. manat zəmanətdən gedir. Gözləyirik ki, bu ilin sonunadək 500 mln. manat üzrə müraciətlər icra olunacaq", - deyə Fondun rəhbəri bildirib.

Müraciətlərin sayına gəldikdə, O. Xaliyev əlavə edib ki, 2020-ci ildə 433 müraciət daxil olmuşdursa, 2021-ci ildə bu müraciətlərin sayı 1 215 təşkil edib və bununla da, ümumi rəqəm 1 648-ə çatıb.

"2020-ci ilin ilk yarısı üzrə göstərici bu ilin 8 ayının göstəricisi ilə (2 ay fərq olduğuna baxmayaraq) müqayisə etdikdə, 3 dəfəyə yaxın artımın olduğunu görmək olar. Kommersiya banklarında maraq yüksəkdir, ümidvarıq ki, sözügedən proqramı ilin sonunadək icra edəcəyik", - deyə O. Xaliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR