Son 18 ildə Türkiyənin Azərbaycana ixracı səkkiz dəfə artıb

İsmayıl Gülle

© APA | İsmayıl Gülle

# 21 may 2021 15:55 (UTC +04:00)

Türkiyənin Azərbaycana ixracı son 18 ildə səkkiz dəfədən çox artıb.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə İxracatçılar Birliyinin (TİM) rəhbəri İsmayıl Gülle Azərbaycanla Gürcüstanın ticarət sahəsində nümayəndə heyətlərinin iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2000-ci ildə Türkiyədən Azərbaycan bazarına tədarükün dəyəri 230 mln. dollar təşkil edirdisə, 2020-ci ilin sonuna bu rəqəm 805% artaraq 2 mlrd. ABŞ dollardan çox olub.

“Azərbaycana ixracda ən böyük artım müdafiə və aviasiya sənayesində müşahidə olunub – 194% – 261 mln. dollar. 2021-ci ilin ilk dörd ayında Azərbaycana müdafiə və aviasiya məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 233,8% artaraq 117,3 mln. dollar təşkil edib”, - deyə İ. Gülle qeyd edib.

Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1,594 mlrd. dollar təşkil edib, bu da illik müqayisədə 5,2% çoxdur. Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,057 mlrd. dollara (+4,4%), idxal isə 537,569 mln. dollara (+6,9%) bərabər olub. Nəticədə, 2021-ci ilin yanvar-aprel aylarında 519,359 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR