Yaponiya şirkəti: Qarabağda investisiya yatırımları ilə bağlı ilkin planlar mövcuddur

Yaponiya şirkəti: Qarabağda investisiya yatırımları ilə bağlı ilkin planlar mövcuddur
# 06 iyul 2021 11:26 (UTC +04:00)

Yaponiyanın "TET International Development" şirkəti Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə investisiya yatıracaq.

"APA-Economics" xəbər verir ki, bunu şirkətinin direktoru Taro Savada Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Masallı, Qəbələ və Qarabağda investisiya yatırımları ilə bağlı ilkin planlar mövcuddur.

T. Savada bu ilin avqust, sentyabr və oktyabr aylarında qrup şəklində Azərbaycana 75-100 yapon investorunun gələcəyini bildirərək, onları Azərbaycandakı investisiya imkanları ilə tanış etmək üçün Konfederasiya tərəfindən dəstək göstərilməsini xahiş edib.

TET şirkətinin Yaponiyada "Azərbaycan Ticarət Evi"nin açılması ilə bağlı təklifi də müsbət qarşılanıb və bu sahədə ASK ilə şirkət arasında işgüzar əməkdaşlığın davam etdirilməsi üçün münbit şəraitin mövcudluğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR