MHŞT üzrə IX hesabata «Moore Stephens» şirkəti rəy verəcək

MHŞT üzrə IX hesabata «Moore Stephens» şirkəti rəy verəcək
# 20 avqust 2008 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilib.
MHŞT-dən «APA-Economics»ə verilən məlumata görə, iclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin ölkə hökumətinə ödənişləri və yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti – 9-cu hesabat mərhələsi üzrə hesabatlarını (2008-ci ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib. Bərabər sayda hökuməti, QHT Koalisiyası və şirkətlər qrupunu təmsil edən 6 nəfərdən ibarət Seçim Qrupu auditin «Moore Stephens» şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar verib.
Memoranduma uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu audit şirkətinə («Deloitte», «PricewaterhouseCoopers», «Ernst&Young» və «Moore Stephens») müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib.
Qeyd edək ki, «Moore Stephens» şirkəti 1907-ci ildə Londonda (Böyük Britaniya) yaradılıb. Hazırda 93 ölkədə fəaliyyət göstərən «Moore Stephens International» dünyanın mühasibatlıq və konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şəbəkəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR