ARDNŞ noyabrda «Neft Daşları» yatağı üçün yeni platformanın inşasına başlayacaq

ARDNŞ noyabrda «Neft Daşları» yatağı üçün yeni platformanın inşasına başlayacaq
# 20 avqust 2008 15:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları» yatağı üçün yeni platforma layihələndirir.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təkcə son 3 ildə «Neft Daşları» üçün 60 quyuluq 3 yeni platforma inşa edilərək istismara verilib. Hazırda isə «Dənizneftqazlayihə» institutunda «Neft Daşları» yatağı üçün 2 585 saylı yeni platformanın layihə-smeta sənədləşməsi həyata keçirilir. Qalın metal borulardan inşa ediləcək dördbloklu platforma 50 il ərzində aqressiv dəniz şəraitində istismar edilmək üçün nəzərdə tutulub. Yeni platforma dənizin 46 metr dərinliyində, beşbloklu 1 887 saylı platformadan 500 metr aralıda quraşdırılacaq. Ondan 12 quyunun qazılması nəzərdə tutulub. Platformanın sualtı dayaq hissəsinin çertyojları artıq hazırlanaraq sifarişçiyə - «Neft Daşları» NQÇİ-yə təhvil verilib. Hazırda platformanın üst qurğularının (sənaye enerji zonasının, vertolyot meydançasının, dörd yanalma körpüsünün və 36 vaxtaçının yaşaması üçün nəzərdə tutulmuş ikimərtəbəli yaşayış evinin) işlənməsi sona çatdırılır.
Noyabr ayında layihələndirmə işlərinin başa çatdırılaraq inşaata start veriləcəyi nəzərdə tutulur. Bloklardan ikisi «Neftqaztikinti» tresti tərəfindən Zığ tikinti-quraşdırma sahəsində, digər ikisi isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR