ARDNŞ-nin «İsrafil Hüseynov» borudüzən gəmisi xarici sifarişləri yerinə yetirəcək

ARDNŞ-nin «İsrafil Hüseynov» borudüzən gəmisi xarici sifarişləri yerinə yetirəcək
# 22 avqust 2008 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrında təmirdən çıxacaq Xəzər Dəniz Neft Donanmasının balansında olan «İsrafil Hüseynov» borudüzən gəmisi xarici sifarişləri yerinə yetirəcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, stingerlə birlikdə 146 metr uzunluğu, 33 metr eni və 50 metr hündürlüyü olan gəmi 2008-ci ilin avqust ayında Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri zavodunda təmirə dayanıb. Hazırda 150 nəfər yüksək səviyyəli mütəxəssis gəminin yenilənməsi və modernləşdirilməsi ilə məşğuldur. ARDNŞ rəhbərliyinin tapşırığına əsasən, 3 aydan sonra «İsrafil Hüseynov» borudüzən gəmisi Azərbaycandan kənar veriləcək sifarişlərin icrasına hazır olmalıdır.

Gəmi 8 qaynaq postuna malikdir və prosesləri avtomatik idarəetmə sistemi ilə təchiz olunub. Su üzərində yüksək dözümlülüyə malik gəmi texnoloji xətti hər tərəfdən qapalı olduğundan hətta küləyin sürəti saniyədə 20-22 metrə çatdıqda belə işləri dayandırmır. «İsrafil Hüseynov» 30 sutka avtonom fəaliyyət göstərməyə qadirdir. Finlandiya ilə keçmiş Sovet İttifaqı tərəfindən birgə inşa edilən borudüzən gəmi Bakıya 1990-cı ildə gətirilib. «Əsrin müqaviləsi» çərçivəsində yüzlərlə magistral neft və qaz kəmərinin inşasında gəminin xidmətlərindən istifadə edilib. Gəmisi dənizin 300 metrədək dərinliklərində sutkada 2,5-3 km boru çəkməyə qadirdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR