Dizel yanacağının keyfiyyətinə görə Azərbaycan dünyada 89-cu yeri tutub

Dizel yanacağının keyfiyyətinə görə Azərbaycan dünyada 89-cu yeri tutub
# 25 avqust 2008 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ölkədə istehsal olunan dizel yanacağının keyfiyyətinə görə Azərbaycan dünyada 89-cu yeri tutur.
«APA-Economics»in Rusiyanın RBK informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Yanacaq Keyfiyyəti Mərkəzi (IFQC) tərkibində ən az kükürd olan dizel yanacağı istehsal edən ölkələrin reytinqini hazırlayıb. Reytinqdə birinci yeri İsveç, ikinci yeri Almaniya, üçüncü yeri isə Yaponiya tutub. Belə ki, məhz bu ölkələrdə ən keyfiyyətli və ətraf mühitə az ziyan vuran dizel yanacağı istehsal olunur.
Bundan başqa, reytinqdə 44-cü yerdə Rusiya, 45-ci yerdə Belarus, 46-cı yerdə Ermənistan, 50-ci yerdə Gürcüstan, 51-ci yerdə Ukrayna, 65-ci yerdə Qazaxıstan, 68-ci yerdə isə Moldova qərarlaşıb. Azərbaycandan sonra 90-cı və 91-ci yerləri Tacikistan və Türkmənistan tutur.
Qeyd edək ki, Avropa Birliyinin bütün üzv ölkələri reytinqdə yuxarı yerlərdə qərarlaşıb. Gələn ildən isə Avropa Birliyi ölkələrində dizel yanacağının tamamilə «kükürdsüz» istehsal olunması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR