«Karasu» Əməliyyat Şirkəti yanvar-iyul aylarında neft hasilatını 20% artırıb

«Karasu» Əməliyyat Şirkəti yanvar-iyul aylarında neft hasilatını 20% artırıb
# 26 avqust 2008 11:25 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Mişovdağ» və «Kəlaməddin» yataqlarının işlənməsi ilə məşğul olan «Karasu» Əməliyyat Şirkəti (ƏŞ) 2008-ci ilin yanvar-iyul ayları ərzində 184,2 min ton həcmində neft hasil edib ki, bu da 2007-ci ilin analoji 7 aylıq göstəricisindən 19,8% çoxdur. Bu ilin iyul ayında isə hasilatın həcmi 26,7 min tona bərabər olub. Bu barədə «APA-Economics»ə «Karasu» ƏŞ-nin baş ofisindən məlumat verilib.
Xatırladaq ki, bu ilin əvvəlində Böyük Britaniyanın «GCM Global Energy» şirkəti Kanadanın «Nations Energy» Korporasiyasının Azərbaycanın neft sektorunda həyata keçirdiyi iki beynəlxalq kontraktdakı payını satın alıb. «GCM Global Energy» Kanada şirkətindən operator rolunda çıxış etdiyi «Karasu» Əməliyyat Şirkətində 85%, «Kura Valley» Əməliyyat Şirkətində isə 80%-lik iştirak payını satın alıb.
Qeyd edək ki ki, «Karasu» ƏŞ-nin təsisçiləri rolunda ARDNŞ (15%) və Kanadanın «Nations Energy» Korporasiyası (85%) çıxış edib. Bu layihə Azərbaycanın quru sahəsində 1960-70-ci illərdə açılan və Bakıdan 120 km cənubda yerləşən «Mişovdağ» və «Kəlaməddin» yataqlarının işlənməsini nəzərpdə tutur. Yataqların qalıq ehtiyatları 50 mln. ton təşkil edir. Kontrakt 2000-ci ilin sentyabrın 12-də imzalanıb. Layihənin işlənməsinə yatırılacaq investisiyalar 500 mln. dollar həcmində qiymətləndirilir. Kontraktın müddəti 25 ildir, lakin tərəflərin razılığı ilə bu müddət daha 5 ilə uzadıla bilər. Hazırda «Mişovdağ» yatağında 790 quyu (o cümlədən, 200 neft quyusu), «Kəlaməddin» yatağında isə 190 quyu mövcuddur. Təkcə ötən il ərzində bu yataqlarda 265,3 min ton neft hasil olunub ki, bu da 2006-cı ilə nisbətən 13% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR