Azərbaycanın «Caspian Pipe Coatings» müəssisəsində rekord göstərici əldə olunub

Azərbaycanın «Caspian Pipe Coatings» müəssisəsində rekord göstərici əldə olunub
# 28 avqust 2008 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Səhmləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan «Caspian Pipe Coatings» müəssisəsində ötən bir sutka ərzində rekord göstərici əldə olunub.
ARNDŞ-dən «APA-Economics»ə verilən məlumata görə, burada Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşasında istifadə ediləcək, ümumi uzunluğu 2,8 km olan 240 boru betonla örtülüb. Bahar-Hövsan-Suraxanı qaz kəməri Qaz Proqramı çərçivəsində 2008-ci ilin əsas buraxılış obyektlərindən biridir. «Şimal» Elektrik Stansiyasını və Bakının ətraf qəsəbələrini mavi yanacaqla təmin edəcək boru kəmərinin dənizin dibi ilə çəkiləcək hissəsinin uzunluğu 37 km, quru hissəsinin uzunluğu isə 12 km təşkil edir, 20-düymlük yüksək keyfiyyətli borular Almaniyanın «Mannesmann» şirkətinin istehsalıdır.
Texnologiyaya uyğun olaraq, örtülmüş borular 28 gün ərzində qurudulur, sonra isə inşaat yerinə aparılır. İki həftə əvvəl «Caspian Pipe Coatings» zavodunda boruların betonla örtülmə işlərinə start verilib. Bu müddət ərzində ümumi uzunluğu 13 km olan 1 173 boru örtülüb. İlk növbədə müəssisədə qalınlığı 90 mm olan 2,5 km uzunluğunda borular örtülüb ki, həmin borular fəaliyyətdə olan mədənlər zonasında çəkiləcək.
Boruların betonla örtülmə işlərini neftçilərin peşə bayramı ərəfəsində - sentyabrın 15-dək başa çatdırmaq nəzərdə tutulub. Sentyabrın 20-i isə «Süleyman Vəzirov» borudüzən gəmisi vasitəsilə kəmərin çəkilişinə başlanılacaq.
Qeyd edək ki, hazırda bütün borular 65 mm qalınlığında örtülür. ABŞ və Almaniya istehsalı olan ən müasir avadanlıqla, avtomatik idarəetmə sistemi ilə təchiz olunan, müvafiq maddi-texniki və maliyyə resursları ilə təmin edilən zavod fasiləsiz fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR