Kulevi Neft Terminalı fəaliyyətini bərpa edib

Kulevi Neft Terminalı fəaliyyətini bərpa edib
# 01 sentyabr 2008 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi Neft Terminalı əvvəlki rejimdə fəaliyyətini bərpa edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, avqustun ortalarında Gürcüstanın Kaspi şəhəri yaxınlığında partlayan körpü nəticəsində dəmir yolu ilə yükdaşımalar dayandırılıb: «Lakin bir-neçə gün bundan öncə həmin körpüyə paralel alternativ dəmir yolu ilə yükdaşımalar bərpa olunub və Kulevi terminalı yenidən fəaliyyətə başlayıb».
N.Əzməmmədov onu da qeyd edib ki, yükdaşımaların həcmində heç bir dəyişiklik olmayıb və yüklər eyni həcmdə göndərilir. Kulevi terminalı Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur.
Qeyd edək ki, hazırda partlayan körpüdə bərpa-təmir işləri aparılır və Gürcüstan tərəfi əsas körpünü qısa bir zamanda istifadəyə verəcəyini bildirib.
Xatırladaq ki, avqustun 16-da Tiflisdən 45 km aralıda yerləşən Kaspi şəhərində körpü partlayıb. Gürcüstanın Xarici İşlər Nazirliyi partlayışda Rusiyanı təqsirləndirsə də, rəsmi Moskva bu hadisəyə aidiyyəti olmadığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR