Azərbaycanda iki maşınqayırma zavodunun özəlləşdirmə qabağı restrukturizasiyasına başlanılıb

Azərbaycanda iki maşınqayırma zavodunun özəlləşdirmə qabağı restrukturizasiyasına başlanılıb
# 10 sentyabr 2008 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən elan edilmiş müəssisələrin özəlləşdirmə qabağı restrukturizasiyası layihəsi çərçivəsində iki müəssisə seçilib. «APA-Economics»in məlumatına görə, bunu DƏİEDK-in sədr müavini Rüstəm Şahbazov bildirib.
«Bu layihə çərçivəsində ölkə üçün əhəmiyyətli olan ixrac yönümlü və idxalı əvəz edə bilən məhsullar istehsal edən müəssisələrə üstünlük verilib», - deyə R.Şahbazov qeyd edib.
Seçilən hər iki müəssisə maşınqayırma kompleksinə aiddir - «Azərboru» və «Bakı Elektrotökmə» SC-ləri. Onlardan biri ixrac yönümlü, digəri isə idxalı əvəz edən məhsulların istehsalı ilə məşğuldur. Artıq bu müəssisələr öz biznes planlarını Dövlət Komitəsinə təqdim edib.
«Komitənin dəstəyi ilə bu müəssisələrə dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının da iştirak etməsi mümkündür. Bu prosesi həmin müəssisələri özəlləşdirmək istəyən hər hansı şirkətlə birgə konsorsium yaratmaqla da həyata keçirmək olar», - deyə komitə rəsmisi vurğulayıb.
Qeyd edək ki, «Azərboru» əsasən müxtəlif ölçülü və təyinatlı borular, «Bakı Elektrotökmə» müəssisəsi isə metro tikintisində istifadə edilən avadanlıqların istehsalı ilə məşğuldur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR