«Əsrin Müqaviləsi»nin iştirakçıları Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyaları gələn il verəcək

«Əsrin Müqaviləsi»nin iştirakçıları Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyaları gələn il verəcək
# 11 sentyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» layihəsinin iştirakçısı olan neft şirkətləri 2009-cu ildə Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyalar verməyə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, hazırda layihənin texniki planının hazırlanması işləri aparılır: «Layihə çərçivəsində iki dəniz platformasının tikintisi nəzərdə tutulub. Layihənin icrasına yatırılan investisiyaların həcmi isə təxminən 10 mlrd. ABŞ dolları təşkil edəcək».
Qeyd edək ki, Balaxanı Lay Dəstinin işlənməsi üçün 2013-cü ildə tikiləcək «Çıraq» platforması gündə 100 min barel neft hasil etməyə imkan yaradacaq, Balaxanı Lay Dəstinin işlənməsi üçün 2015-ci ildə tikiləcək «Azəri» platforması isə gündəlik daha 100 min barelin hasilini təmin edəcək. Nəticədə, «Azəri-Çıraq-Günəşli» yatağından 9 mlrd. barel neft hasil olunacaq.
Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR