Ukrayna yanacaq və energetika nazirinin müavini: “Azərbaycanın Qafqazdakı aparıcı mövqeyi danılmazdır” - EKSKLÜZİV

Ukrayna yanacaq və energetika nazirinin müavini: “Azərbaycanın Qafqazdakı aparıcı mövqeyi danılmazdır” - <font color=red>EKSKLÜZİV</font>
# 12 sentyabr 2008 08:50 (UTC +04:00)
- Sizin Ukraynada yüksək vəzifəyə təyinatınız iki ölkənin münasibətlərində və enerji sektorunda hansısa müsbət dəyişikliklərə səbəb oldumu?

- Cəmi altı ay əvvəl bu vəzifəyə təyin olunmuşam. Təyinatım hər iki ölkədə rəğbətlə qarşılansa da, buna qısqanclıq edənlər də tapıldı. Ötən qısa müddət ərzində əməkdaşlıq üçün hər hansı uğura imza atmasaq da, bir çox ikitərəfli layihələrin gerçəkləşməsi üçün danışıqlar aparılır və qarşıda perspektiv var.

- Baş nazir Yuliya Timoşenkonun Azərbaycana gözlənilən səfərinin indiyədək gerçəkləşməməsinin səbəbi nədir? Ukraynada müşahidə olunan siyasi çəkişmələri necə şərh edirsiniz?

- Güman edirəm ki, bu səfər baş tutacaq. Baş nazirin səfərinin ləngiməsi Ukraynada baş verən siyasi proseslərlə əlaqədardır. Ukrayna demokratiya və islahatlar yolunu tutub. Bu yolla addımlamaq isə asan deyil. Təbii ki, təzyiqlər, maneçiliklər olacaq, amma Ukrayna xalqı öz seçimini edib və Avropaya inteqrasiya yolunu tutub. Əslində, Ukraynada baş verən siyasi proseslərin kökündə hamıya məlum olan bu məsələ dayanır.

- Siz hansı tərəfi dəstəkləyirsiniz?

- Mən Ukrayna xalqını dəstəkləyirəm və həmişə onunla birlikdəyəm. Fikrimcə, xalqın istəyi bütün siyasi çəkişmələrdən üstün olacaq və sonda mənim də üzvü olduğum Ukrayna xalqı qalib gələcək.

- Ukrayna müxalifətinə münasibətləriniz necədir, Viktor Yanukoviçlə tanışlığınız varmı?

- Viktor Yanukoviçlə tanışlığım yoxdur. Hazırda Ukrayna hökumətinə müxalif mövqedə olanlara da birmənalı şəkildə düşmən kimi yanaşmıram. Hökumətin bütün uğurlarını heçə endirən müxalifətçilərin mövqeyi ilə razılaşmasam da, onların arasında da Ukraynanı həqiqətən sevən adamlar çoxdur. Siyasi mövqeyindən asılı olmayaraq, Ukraynanı sevən, onun mənafeyi naminə çalışanların hamısına hörmətlə yanaşıram. Eyni zamanda, dəfələrlə bildirmişəm ki, bugünkü hökumət nümayəndələri arasında da tez-tez mövqeyini dəyişən və başqa maraqlara qulluq edənlər var. Bütün bunlar isə Ukrayna hökumətinin vahid komanda kimi fəaliyyətinə imkan vermir.

- Bakı-Odessa-Brodı neft kəmərinin işə düşməsi niyə ləngiyir?

- Bu kəmərin işə düşməsinə çox böyük qüvvələr mane olur. Buna baxmayaraq, kəmərin yeni ilə qədər işə salınacağına şübhəm yoxdur. Məqsədimiz noyabra qədər “Ukrnaft” ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında müqavilə bağlamaqdır. Bundan sonra biz Rusiyanın “Transneft” şirkətini noyabrın 1-nə kimi məlumatlandırmalıyıq ki, Odessa-Brodı kəməri dekabrın 1-dən reverslə deyil, avers üsulu ilə istismar olunacaq. Qeyd edim ki, hazırda Rusiya nefti Brodıdan Odessaya nəql olunur, biz isə layihədə nəzərdə tutulduğu kimi neftin Odessadan Brodı istiqamətində nəqlinə çalışırıq.

- Ümumiyyətlə, bu kəmərlə neftin nəqli Ukrayna üçün nə qədər rentabellidir?

- Bu gün Ukraynanın daxili bazarında süni olaraq, elə bir vəziyyət yaradılıb ki, yerli neft emalı zavodlarının fəaliyyəti rentabelli deyil. Bu gün xammaldan daha çox, benzin, kerosin və sair neft məhsullarının ölkəyə hazır gətirilməsi daha sərfəlidir. Təkrar edirəm ki, bu, süni şəkildə yaradılıb. Amma Ukrayna zavodlarının emalı dayandırması faktdır. Ukraynanın ildə 12 milyon ton neft məhsullarına tələbatı var. Onun 4 milyonunu Ukrayna özü hasil edir. Qalan 8 milyon ton isə başqa dövlətlərdən, əsasən isə Rusiyadan idxal olunur. Odessa-Brodı kəmərinin işə salınmasında əsas məqsəd neft məhsullarının Ukraynaya gətirilməsində Rusiyanın monopoliyasından azad olmaqdır.

- Azərbaycan neftini alaraq, Odessa-Brodı kəmərinin Avropaya istiqamətləndirilməsi, onun sonradan Qdanska qədər uzadılması ilə bağlı Ukrayna hökumətinin planlarına şübhə ilə yanaşanlar var. İndiyədək, bu məsələ ilə bağlı hər hansı sənəd imzalanıbmı?

- Orta Asiya, Rusiya və Cənubi Qafqaz dövlətlərinin Avropaya Qara dəniz vasitəsi ilə ən yaxın yolu Ukrayna ərazisindən keçir və Odessa-Brodı neft kəməri də məhz buna görə tikilib. Layihəyə əsasən, bu kəmərlə ildə 14 milyon ton neft nəql oluna bilər. Hazırda isə bu rəqəm cəmi 8-9 milyon ton təşkil edir. Noyabrın 14-də Bakıda növbəti beynəlxalq enerji sammiti keçiriləcək və burada kəmərin texniki əsaslandırılması müzakirəyə çıxarılacaq. Bu müzakirədən sonra kəmərin Qdanska qədər uzadılmasının taleyi məlum olacaq. Qeyd edim ki, iqtisadçı ekspert və mütəxəssislərin Odessa-Brodı-Qdansk kəmərinin gələcəyinə şübhəsi yoxdur və Azərbaycan neftinin də bu kəmərlə Avropaya istiqamətlənməsi tam məqsədəuyğundur.

- Transxəzər qaz və Transxəzər neft kəmərlərinin inşasına inanırsınızmı?

- Bu layihələrlə yanaşı, Ukraynanın «Bəyaz axın» («Belıy potok») layihəsi də nəzərdə tutulur. Bizi əsas bu layihə maraqlandırır, çünki Transxəzər qaz və Transxəzər neft kəmərlərinin inşası layihələrində Ukrayna təmsil olunmur. Ukrayna Azərbaycan və Türkmənistan qazının məhz «Bəyaz axın»la Avropaya nəqlini istəyir.

- Sizcə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilmədiyi bir şəraitdə bu layihələrin reallaşdırılması mümkündürmü?

- Mümkündür. Ona görə ki, bu, beynəlxalq miqyaslı iqtisadi layihələrdir. Əsas amil isə odur ki, layihədə hegemon dövlətlər təmsil olunur.

- Ukraynanın «Nabucco» layihəsindən yararlanmaq fikri varmı?

- Ukrayna bu layihədənsə, «Bəyaz axın»a üstünlük verir. Bu layihə Ukraynanın daxili bazarı və qaz sənayesi üçün daha mühüm əhəmiyyət kəsb edir. Ukraynanın böyük gücə malik yeraltı qaz anbarı var. Eyni zamanda Ukraynanın maye qaz layihəsi var. Bu layihə ilə əlaqədar müəyyən müzakirələr aparılır.

- Qafqazda baş verən siyasi prosesləri iqtisadi layihələr üçün təhlükə hesab edirsinizmi?

- Qafqazda yaşanan gərginlik zamanı dinc vətəndaşlar arasında ölən və yaralananlar, ərazidə dağıntılar olsa da, kəmərlərin təhlükəsizliyi qorundu. Ona görə ki, bu iqtisadi layihələrdə ABŞ başda olmaqla hegemon dövlətlər təmsil olunur. Kiminsə bu layihəyə qarşı çıxması, kəmərin təhlükəsizliyini pozması dünyaya meydan oxumaq olardı. Əlbəttə, Rusiya maraqlıdır ki, Xəzər dənizi hövzəsinin neft və qazının Avropaya nəqlinin mərkəzində dayansın. Ukraynanın təklif etdiyi «Bəyaz axın» layihəsində isə belə mərkəzçi qüvvə yoxdur.

- Ukrayna ilə Rusiya arasındakı iqtisadi əlaqələr hazırda hansı səviyyədədir?

- Təbii ki, gərginlik var. Bu gərginlik bütün sahələrdə, o cümlədən də rəhbərlik etdiyim neft-qaz sənayesinə də öz təsirini göstərir. Amma Ukrayna ilə rus xalqı arasında heç bir problem yoxdur. İki qonşu ölkənin siyasi kursu bir-birindən fərqlidir və bu fərq çox böyük və nəzərə çarpandır. Ümid edirəm ki, bir kökdən olan xalqlar ortaq məxrəcə gələcəklər.

- Qışın gəlişi ilə Ukraynaya təzyiqlər güclənə bilərmi? Sosial problemlərin siyasi müstəviyə keçməsinin qarşısını almağa, başqa sözlə desək, qışa hazırsınızmı?

- Qışa hazırlıqla bağlı Ukraynanın yeraltı qaz anbarları doldurulur. Aldığımız qazın bugünkü qiyməti 1000 kubmetrə görə 179,5 dollar təşkil edir. Bu məbləğin vaxtlı-vaxtında ödənilməsi problemdən qaçmaq deməkdir. Digər tərəfdən, bizim qaz anbarlarımız olmadan Rusiya qazı Avropaya nəql oluna bilməz. Rusiya qazını Avropaya nəql edən kəmərin 80%-i Ukrayna ərazisindən keçir. Bu baxımdan, Ukrayna ən böyük tranzit ölkədir və Rusiya buna görə tranzit haqqı ödəyir. Rusiya qazının qiyməti artanda, təbii ki, biz də tranzit və qaz saxlanma haqlarına yenidən baxacağıq.

- Ukrayna ilə Azərbaycan arasında hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

- Biz maye qaz layihəmizi təklif edirik. Eyni zamanda, Odessa-Brodı neft kəməri layihəsi ilə bağlı danışıqlar davam etdirilir. Azərbaycanın Qafqazdakı aparıcı mövqeyi danılmazdır. Bu ölkə tarixən bölgədəki siyasi-iqtisadi layihələrin mərkəzində olub, bu gün də belədir. Azərbaycan güclü inkişaf edir, iqtisadi-siyasi baxımdan güclənir. Azərbaycanın da Avropaya inteqrasiya yolunu tutması faktdır. Sevinirəm ki, aparılan uğurlu siyasi xətt sahəsində bu faktdan başqalarını qıcıqlandırmaq məqsədi ilə istifadə olunmur.

- Ukrayna Azərbaycana olan borcunu nə vaxt qaytaracaq?

- Ukraynanın Azərbaycana 5 milyon 269 min dollar borcu var. 2000-ci ildə o vaxtkı Ukrayna prezidenti Leonid Kuçmanın xahişi ilə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin göstərişi əsasında Dövlət Neft Şirkəti Ukraynaya bu məbləğdə dizel yanacağı göndərib. Azərbaycana olan o borcumuz bu günə qədər qaytarılmayıb. Hazırda Ukrayna Azərbaycandan yenə neft məhsulları almağa hazırlaşır. Ukrayna hökumətində baş verən müəyyən siyasi ziddiyyətlər bu borcun qaytarılmasına imkan vermir və ümid edirəm ki, bu məsələ yaxın vaxtlarda həllini tapacaq.

- Siz Azərbaycanda mədəniyyətimizin təbliği ilə bağlı layihələrin təşkilatçısı kimi də tanınırsınız. Bu istiqamətdə hansı yeni layihələr həyata keçirməyə hazırlaşırsınız?

- Görkəmli Azərbaycan xanəndəsi Səxavət Məmmədovun bütün külliyyatını nəşr etmək fikrindəyik. 2003-cü ildə “Azad bir quşdum”, 2007-ci ildə “Səxavətli muğamlar” dinləyicilərin ixtiyarına verilib. Hazırda “Səxavətli mahnı və təsniflər” CD-nin üzərində son tamamlama işləri gedir. Oktyabrın sonunda Səxavət Məmmədovun 55 illiyi ilə əlaqədar Bakıda böyük tədbir keçirməyi planlaşdırırıq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşümüz olub. Nazir rəhbərlik etdiyi qurumun muğam layihələrinə hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Yaxın vaxtlarda Azərbaycan muğamsevərləri Səxavət Məmmədovun xatirə gecəsində də iştirak edə biləcəklər. Tədbirdə başqa ölkələrdən qonaqların iştirakı gözlənilir.

- Azərbaycanda prezident seçkiləri yaxınlaşır. Ukraynadan bu proses necə görünür?

- Azərbaycan mətbuatını və televiziyasını müntəzəm izləyirəm. İmkan olduqca vətənimi ziyarət edirəm. Gördüyüm mənzərə belədir: abadlıq, inkişaf və siyasi sabitlik. Keçirilən seçkilərdə də yəqin bu kurs qalib gələcək. Düşünürəm ki, Qarabağın xilası da məhz bundadır. Seçki həm də gənc Azərbaycan dövləti üçün bir sınaqdır. Bu sınaqdan üzüağ çıxmaq Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirəcək. Ümid edirəm ki, belə də olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR