Azərbaycan Dövlət Neft Şirkəti ilin sonunadək Bahar-Hövsan-Suraxanı qaz kəmərini istismara veriləcək

Azərbaycan Dövlət Neft Şirkəti ilin sonunadək Bahar-Hövsan-Suraxanı qaz kəmərini istismara veriləcək
# 16 sentyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus «Caspian Pipe Coatings» müəssisəsində Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşasında istifadə ediləcək 32 km uzunluğunda boruların betonla örtüklənməsi başa çatdırılıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Bahar-Hövsan-Suraxanı qaz kəməri iki hissədən – sualtı və quru hissələrindən ibarət olacaq. Qaz kəmərinin dəniz hissəsinin inşasına yaxın günlərdə başlanacaq, eyni zamanda qurudakı xəttin çəkilişi həyata keçiriləcək. Yeni qaz kəməri bu ilin sonunadək istismara veriləcək.
Qeyd edək ki, 20 düymlük Bahar-Hövsan-Suraxanı qaz kəməri ARDNŞ-in qaz proqramı üzrə 2008-ci ilin əsas buraxılış obyektlərindən biridir. Ümumi uzunluğu 37 km olan Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 km-lik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcək. Kəmər «Şimal» elektrik stansiyasını, eləcə də Bakı ətrafında yerləşən digər istehlakçıları qazla təmin edəcək. Kəmərin ötürmə qabiliyyəti sutkada 5 mln. kubmetrdir. Boru kəmərinin dəniz hissəsinin sifarişçisi «28 May» NQÇİ, quru hissəsinin sifarişçisi isə ARDNŞ-in Qaz Əməliyyatları İdarəsidir. Kəmərlə «Günəşli» yatağında hasil edilən qaz nəql ediləcək. Boru kəmərinin layihəsi «Dənizneftqazlayihə» İnstitutunda işlənib. Baş podratçı rolunda «Neftqaztikinti» tresti çıxış edir. Kəmərin marşrutu boyunca dənizin dərinliyi 12-16 metr təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR