Azərbaycan Dövlət Neft Şirkəti Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin çəkilişinə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin çəkilişinə başlayıb
# 19 sentyabr 2008 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus «Caspian Pipe Coatings» müəssisəsində Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin çəkilişinə başlanılıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sualtı hissəsinin çəkilişi «Süleyman Vəzirov» borudüzən gəmisinin iştirakı ilə həyata keçirilir. Borudüzən gəmi 8 lövbərdən ibarət lövbər-yanalma sistemi vasitəsilə hərəkət edir. Lövbərlərin daşınmasını Xəzər Dəniz Neft Donanmasının «Nerça» lövbər-yedək gəmisi həyata keçirir. Bir müddət əvvəl «Süleyman Vəzirov» borudüzən gəmisi Donanmanın gəmi təmiri zavodunda tam təmirdən çıxıb. Təmir zamanı gəminin naviqasiya avadanlığı, radarlar, exolot, kompüterlər dəyişdirilib. Monitorlarda dənizin dibini müşahidə etmək mümkündür ki, gəminin kapitanı bunun əsasında hara lövbər salınması barədə qərar verir. Əgər əvvəllər bu yalnız günün işıqlı vaxtında edilirdisə, indiki müasir avadanlıqla gəmi sutkanın 24 saatını fəaliyyət göstərir.
Qeyd edək ki, Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşasında istifadə ediləcək 32 km uzunluğunda boruların betonla örtüklənməsi artıq başa çatdırılıb. Ümumi uzunluğu 37 km olan Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 km-lik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcək. Kəmər «Şimal» elektrik stansiyası, eləcə də Bakı ətrafında yerləşən digər istehlakçıları qazla təmin edəcək. Kəmərin ötürmə qabiliyyəti sutkada 5 mln. kubmetrdir. Boru kəmərinin dəniz hissəsinin sifarişçisi «28 May» NQÇİ, quru hissəsinin sifarişçisi isə ARDNŞ-in Qaz Əməliyyatları İdarəsidir. Kəmərlə «Günəşli» yatağında hasil edilən qaz nəql ediləcək. Boru kəmərinin layihəsi «Dənizneftqazlayihə» İnstitutunda işlənib. Baş podratçı rolunda «Neftqaztikinti» tresti çıxış edir. Kəmərin marşrutu boyunca dənizin dərinliyi 12-16 metr təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR