ARDNF ötən il üzrə xam neftin xalis mədaxil ortaçəkili qiymətini açıqlayıb

ARDNF ötən il üzrə xam neftin xalis mədaxil ortaçəkili qiymətini açıqlayıb
# 08 yanvar 2020 15:30 (UTC +04:00)

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxil olan xam neftin bir barelinin xalis mədaxil ortaçəkili qiyməti 64 ABŞ dolları təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Neft Fondundan bildirib.

"ARDNF-ə daxil olan xam neftin xalis mədaxil ortaçəkili qiyməti 2018-ci ildə 71,2 ABŞ dolları, 2019-cu ildə isə 64 ABŞ dolları olub", - deyə Fonddan qeyd olunub.

Beləliklə, ARDNF-ə daxil olan xam neftin xalis mədaxil ortaçəkili qiyməti 2018-ci illə müqayisədə ötən il 7,2 dollar və ya 10,1% aşağı olub.

Xatırladaq ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, ötən il "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta qiyməti 66,79 ABŞ dolları təşkil edib. İnişil "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 73,3 dollar təşkil edib. Bu da o deməkdir ki, 2018-ci illə müqayisədə ötən il "Azeri Light" markalı neftin orta qiyməti 6,51 dollar və ya 9%-ə yaxın aşağı olub.

Fəaliyyətə başlayarkən 271 mln. ABŞ dolları həcmində aktivləri olan Fondun vəsaitləri 2019-cu ildə ilk dəfə olaraq 40 mlrd. dolları keçib. Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 158,4 mlrd. dollar həcmində vəsait daxil olmuşdur ki, bunun da 151,5 mlrd. dolları neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 mlrd. dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi dövlət büdcəsinə transfert edilir ki, bununla da ölkədə makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın qorunması təmin edilir. Dövlət Neft Fondundan ayrılan ilk vəsait Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş, müvəqqəti olaraq çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR