"Azneft" İB-nin Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidənqurmadan sonra istismara verilib - FOTO

"Azneft" İB-nin Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidənqurmadan sonra istismara verilib - FOTO
# 17 sentyabr 2020 16:09 (UTC +04:00)

Sentyabrın 17-də “Azneft” İB-nin son illərdə fəaliyyəti genişləndirilən və daha da təkmilləşdirilən Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidənqurmadan sonra istismara verilib.

"APA-Economics"in SOCAR-ə istinadən verdiyi məlumata görə, bu münasibətlə SOCAR rəhbərliyinin iştirakı ilə keçirilmiş mərasimdə dalma elektrik mühərriklərinin təmiri, çuquntökmə və mexaniki yığma sahələrindən ibarət Eksperimental İstehsalat Müəssisəsində dalma qurğularının təmiri üçün lazım olan 150 adda ehtiyat hissəsinin istehsalı üçün şərait yaradıldığı qeyd edilib. Məlumat verilib ki, neftqazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün ildə neft hasilatını tənzimləyən 14 000 ədəd keramiki və bərk xəlitəli tənzimləyicilərin istehsal olunduğu İstehsalat Müəssisəsinin yenidənqurma layihəsi çərçivəsində 1-ci və 2-ci buraxılış kompleksləri üzrə görülmüş tədbirlər nəticəsində inzibati bina, qazanxana, yeraltı kommunikasiya xətləri, elektrik yarımstansiyası, su və yanğın su nasosxanası, mexaniki yığma sahəsi beynəlxalq standartlara uyğun yenidən qurulmuş, avadanlıq bazası yenilənib. Layihənin 3-cü buraxılış kompleksi çərçivəsində bu gün istifadəyə verilən Dalma Elektrik Mühərriklərinin təmiri sahəsində 4 mərtəbədən ibarət inzibati - məişət binası, istehsalat və sınaq sahələri əsaslı təmir edilib, dalma avadanlıqlarının təmiri prosesində istifadə olunan qeyri-standart avadanlıqlar tam yenilənib, işçilərin əmək və sosial şəraiti yaxşılaşdırılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçilərin qarşıdan gələn peşə bayramı – “Neftçilər günü” münasibəti ilə müəssisənin əmək kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Müəssisədə həyata keçirilən yenidənqurma və təmir işlərini yüksək qiymətləndirən şirkət prezidenti deyib: “İnanıram ki, müasir avadanlıqlardan və texnologiyalardan istifadə olunmaqla aparılmış yenidənqurma nəticəsində dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmirlər arası müddətin uzanmasına nail olunacaq, bu da müəssisənin maliyyə dayanıqlılığına mühüm töhfə verəcəkdir. İnnovativ metodların tətbiqi eyni zamanda müəssisənin rəqabət qabiliyyətini də artıracaqdır”.

Xatırladaq ki, müəssisə “Azneft” İB-nin tərkibində 1967-ci ildən fəaliyyət göstərir. 2018-ci ildə müəssisənin Mexaniki emal sahəsi müasir standartlara uyğun olaraq yenidən qurulub. Hazırda dalma qurğuları 331 quyuda istismar olunur. Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsində il ərzində 1 600 ədəd dalma elektrik mühərriki, 1 600 ədəd hidromüdafiə qurğusu, 60 ədəd elektrik diafraqmalı dalma nasosu əsaslı və cari təmir olunur. Mərhələli keyfiyyətə nəzarət prosedurundan keçən hazır məhsul, sahənin sınaq bölməsindəki quyularda yoxlanılaraq istismara buraxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR