Azərbaycan oktyabrda elektrik enerjisinin istehsalını 1,3% artırıb

Azərbaycan oktyabrda elektrik enerjisinin istehsalını 1,3% artırıb
# 18 noyabr 2020 14:44 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 138,5 mln. kVt-saat azalaraq 21 301,3 mln. kVt-saat olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İstikil Elektrik Stansiyalarda 315,2 mln. kVt·st artaraq 20 063,7 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 455,0 mln. kVt-saat azalaraq 946,4 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,2 mln. kVt-saat artaraq 291,2 mln. kVt-saat olub.

Məlumata görə, bu dövrdə Külək Elektrik Stansiyalarında 82,82 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 42,44 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 166,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

"Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 18 998,5 mln. kVt-saat (İES-lərdə 18 214,3 mln. kVt-saat, SES-lərdə 784,2 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 356 mln. kVt-saat (İES-lərdə 175,3 mln. kVt-saat, SES-lərdə 143,7 mln. kVt-saat, Günəş ES-də 37 mln. kVt-saat), Müstəqil Elektrik Stansiyaları üzrə 1 946,8 mln. kVt-saat təşkil edib”, - məlumatda qeyd edilir.

Bu dövrdə elektrik enerjisinin ixracı 901,7 mln. kVt-saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 208,6 mln. kVt-saat, idxalı isə 115,1 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 5,7 mln. kVt-saat azalıb.

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 895,7 mln. kVt-saat, ixracı 59,8 mln. kVt-st, idxalı 10,8 mln. kVt-saat olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 24,7 mln. kVt-saat və ya 1,3%, ixrac 14,5 mln. kVt-saat və ya 32%, idxal isə 1,5 mln. kVt-saat və ya 16,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR