Azərbaycanda günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib

Azərbaycanda günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib
# 20 oktyabr 2020 11:12 (UTC +04:00)

Azərbaycan Energetika Nazirliyi tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə Energetika naziri Pərviz Şahbazovun rəsmi mətbuatda dərc olunmuş, 20 oktyabr – Energetika gününə həsr edilmiş məqaləsində deyilir.

Nazirin sözlərinə görə, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır.

"Həmçinin, bərpa olunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satın alınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 MVt, 460 MVt və 600 MVt həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür", - deyə nazir qeyd edib.

Nazir həmçinin əlavə edib ki, bərpa olunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır: "Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpa olunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcək. Bütün bu proseslərin aktiv fazaya keçməsi üçün həlledici məqam müvafiq sahədə qanunun qəbuludur. Ölkəmizdə bərpa olunan enerji sahəsinin tənzimlənməsi üzrə ilk normativ hüquqi sənəd kimi " Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırda hökumətdə baxılmaqdadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR