Azərbaycanda hərraclar vasitəsilə 1 000 MVt-a yaxın əlavə güclər yaradılacaq

Azərbaycanda hərraclar vasitəsilə 1 000 MVt-a yaxın əlavə güclər yaradılacaq
# 24 iyul 2020 16:19 (UTC +04:00)

Bu ilin sonuna kimi Azərbaycanda 240 MVt gücündə külək və 200 MVt gücündə günəş elektrik stansiyalarının tikintisinə başlamağı planlaşdırılır.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərək deyib.

Onun sözlərinə görə, 400 mln. ABŞ dolları investisiya hesabına tikiləcək bu stansiyalar sayəsində illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı, 300 mln. kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon qazı tullantısının azaldılması və yüzlərlə yeni iş yerlərinin yaradılması gözlənilir.

"Paralel olaraq, hərraclar vasitəsilə 1 000 MVt-a yaxın əlavə güclərin yaradılması istiqamətində də hazırlıq görülür", - deyə nazir əlavə edib.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR