Azərbaycanda inşa olunan ilk tanker yaxın zamanlarda istismara veriləcək

Azərbaycanda inşa olunan ilk tanker yaxın zamanlarda istismara veriləcək
# 02 dekabr 2019 10:34 (UTC +04:00)

Azərbaycanda inşa olunan “Laçın” adlı ilk tankerin yaxın zamanlarda istismara verilməsi planlaşdırılır. Tankerin inşası Bakı Gəmiqayırma Zavodu tərəfindən aparılır.

Bunu “APA-Economics”ə zavoddakı etibarlı mənbə deyib.

Onun sözlərinə görə, yeni tankerin tikintisi tam başa çatdırılıb və bu yaxınlarda gəmi sınaqdan keçiriləcək.

“Tankerin yaxın zamanlarda istismara verilməsi gözlənilir”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 ton və çayda 5,447 ton olan tankerlər iki ədəd hər biri 1 200 kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9 212 kubmetr olan altı yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Xatırladaq ki, bu ilin fevralında ASCO ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR