Azərbaycanda ötən il tullantıların həcmi 6%-dən çox artıb

Azərbaycanda ötən il tullantıların həcmi 6%-dən çox artıb
# 19 aprel 2021 12:28 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda 3 486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4% çox tullantı əmələ gəlib və onların 67,4%-ini bərk məişət tullantıları, 32,6%-ini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

"APA-Economics"ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il yaranmış 2 350 min ton bərk məişət tullantılarının 74,5%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5%-i isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 mln. kVt saat və ya 2019-cu illə müqayisədə 2,4% çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6%-i müəssisələrdə xammal kimi istifadə edilib, 20,7%-i ölkə daxilində satılıb, 1,8%-i ixrac olunub, 8,4%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,5%-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1% az və ya 317,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 9,1% olub. Tullantıların 53,8%-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR