BƏƏ avqustda "OPEC+" kvotasından daha çox neft hasil edib

BƏƏ avqustda "OPEC+" kvotasından daha çox neft hasil edib
# 01 sentyabr 2020 20:10 (UTC +04:00)

Bu ilin avqust ayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxili bazarda mövsümi tələbin artması səbəbindən neft hasilatı üzrə "OPEC+" sazişi çərçivəsində müəyyən edilmiş gündəlik kvotanı 100 min barel aşıb. Lakin bu həcmi kompensasiya etmək üçün tədbirlər görülüb.

"APA-Economics"in RİA "Novosti"yə sitinadən verdiyi məlumata görə, bunu ölkənin BƏƏ-nin Energetika naziri Süheyl əl-Mazrui deyib.

Avqust-dekabr ayları arasında "OPEC+" sazişi çərçivəsində BƏƏ üzrə gündəlik neft hasilatının hədəf səviyyəsi 2,59 mln. barel müəyyən olunub.

"BƏƏ-də avqust ayında gündəlik neft hasilatı 2,693 mln. barelə yüksəlsə də, ölkədə elektrik enerjisinə tələbatın yay aylarındakı pik nöqtəsi ilə əlaqəli bu müvəqqəti artımı kompensasiya etmək üçün tədbirlər görülüb", - Mazrui "Twitter"də yazıb.

Nazir əlavə edib ki, BƏƏ "OPEC+" sazişinə tam sadiqdir, çünki iyun ayında ölkə öhdəliklərindən əlavə gündəlik neft hasilatını 100 min barel azaldıb.

Qeyd edək ki, "OPEC+" iştirakçıları 2020-ci ilin sentyabr ayının sonunadək öhdəliklərini 100% yerinə yetirmək niyyətindədir.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR