Ekspertlər: "SOCAR-ın neft-kimya sektorundakı investisiyaları faydalıdır"

#
# 10:55
9 yanvar 2020

SOCAR son illərdə neft-kimya sənayesinin inkişafı istiqamətində işlər görür, Azərbaycanda, Türkiyədə bu istiqamətdə yeni layihələr həyata keçirir, bu sahəyə investisiyalarını artırır. SOCAR Sumqayıtda yerləşən “Azərikimya” İstehsalat Birliyində yenidənqurma işlərini icra edir və bu işlərin bu il yekunlaşdırılması planlaşdırılır. Yenidənqurma işləri ilə yanaşı, yeni zavodlar inşa edilərək istismara verilib.

APA-Economics”in məlumatına görə, Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə yaradılan “SOCAR Polymer”in illik istehsal gücü 180 min ton olan Polipropilen zavodu 2018-ci ilin iyul ayında, illik istehsal gücü 120 min ton olan Yüksəksıxlıqlı Polietilen zavodu isə ötən ilin fevral ayında istifadəyə verilib. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodu isə ötən il yanvarın 16-dan istismardadır. Bundan başqa, Qaradağ rayonu ərazisində yerləşən Metanol zavodu bir neçə ildir ki, SOCAR-ın idarəçiliyi ilə fəaliyyət göstərir.

SOCAR Türkiyədə də neft-kimya sahəsində investisiyalar həyata keçirir. Şirkət Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinin əsas səhmdarıdır. 2008-ci ildən kompleksə investisiyalar yatırılır.

Şirkət bu sektorda yeni layihələr həyata keçirməyi də planlaşdırır. Belə ki, Qaradağ rayonu ərazisində illik 10 mlrd. kubmetr həcmində Qaz Emalı Zavodu, həmçinin Polimer qurğuları daxil olmaqla inteqrə olunmuş “SOCAR GPC” kompleksinin inşası planlaşdırılır. Eyni zamanda, Türkiyədə BP şirkəti ilə birgə STAR zavodunun yaxınlığında yeni neft-kimya kompleksinin inşasını nəzərdə tutur.

Şirkətin neft-kimya strategiyası əsasən yüksək əlavə dəyər yaradan məhsullar istehsal etməkdir. Bu isə daxili tələbatı ödəməyə, kiçik və orta sahibkarlığın inkişafına, aşağı qiymətə xammal təchizatı ilə yekun istehlak məhsulunda rəqabət yaratmağa imkan verir.

Bəs ekspertlər SOCAR-ın neft-kimya sektorundakı investisiyalarını necə qiymətləndirir?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-Texnologiya Fakültəsinin professoru, Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, texnika elmləri doktoru Fariz Əmirov bildirib ki, SOCAR-ın neft-kimya sektoruna investisiyaları öz bəhrəsini verir:

“Ölkəyə yatırılan investisiyaların hamısı dövlət başçısının diqqəti ilə həyata keçirilir. Hər bir yatırımın effekti var. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-kimya sahəsində həyata keçirdiyi investisiyalar ölkə üçün əhəmiyyətli yatırımlardır. Bu gün neft-kimya, qaz-kimya sektoruna yatırılan sərmayələr lazımlı investisiyalar hesab olunur. SOCAR-ın Karbamid zavodu ölkədə gübrə istehsalına öz töhfəsini verir. Eyni zamanda, ölkədə istehsal olunan gübrənin bir çox ölkələrə ixracı ölkəyə valyuta axını baxımından önəmlidir”.

F. Əmirovun sözlərinə görə, “SOCAR Polymer”in Sumqayıtdakı Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodları da əhəmiyyətli investisiyalardır: “Düşünürəm ki, bu cür yatırımlar Azərbaycan iqtisadiyyatına öz töhfəsini verir və gələcəkdə verəcək. Bu məhsulların ixracı həyata keçirilməklə valyuta axını təmin edilir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-Texnologiya Fakültəsinin dosenti Alina Yusifzadə də bildirib ki, SOCAR-ın neft-kimya sənayesinin inkişafında həyata keçirdiyi layihələr səmərəlidir. “SOCAR Polymer”in Sumqayıtda istifadəyə verilən Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodları Azərbaycan üçün olduqca əhəmiyyətli zavodlardır. Zavodlarda bu gün olduqca lazımlı məhsul olan yüksəksıxlıqlı polietilen və polipropilen istehsal edilir. Bu məhsullar xaricə ixrac edilir. Bu da ölkəmizə əlavə valyutanın gətirilməsinə xidmət edir”.

O bildirib ki, SOCAR-ın metanol istehsalı üzrə zavodu da çox önəmli layihədir: “Çünki metanol yüksəkoktanlı benzinə əlavə edilən maddədir. Bu, həm də ekologiya üçün ziyanlı maddə deyil. Bu gün Almaniyada metanol əlavə edilmiş benzin istifadə edilir. Almaniyada xüsusi olaraq M-15, M-85 markalı benzinlər istehsal olunur. Bu, benzinə əlavə edilən metanolun faiz göstəricisini göstərir. Bu da çox yüksək nəticələr verir və yüksəkoktanlı benzin əldə edilir. Bu nöqteyi-nəzərdən metanolun istehsalı çox müsbət addımdır. Hesab edirəm ki, Azərbaycan üçün hər iki yatırım, həm “SOCAR Polymer”, həm də Metanol zavodu çox faydalı layihələrdir. Bu layihələr ölkə iqtisadiyyatının inkişafına töhfə verir”.

A. Yusifzadə Karbamid zavodunu da SOCAR-ın daha bir uğurlu layihəsi olaraq qeyd edib: “Bilirsiniz ki, karbamid kənd təsərrüfatı üçün ən gözəl gübrədir. Bu gübrənin tərkibində azot mövcuddur. Deyərdim ki, bu gün karbamid kənd təsərrüfatı üçün ən ehtiyaclı və lazımlı məhsuldur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR