IEA: Neft hasilatının azalması bazarda təklif qıtlığına səbəb ola bilər

IEA: Neft hasilatının azalması bazarda təklif qıtlığına səbəb ola bilər
# 15 aprel 2020 14:29 (UTC +04:00)

"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) alyansına daxil olmayan ixracatçı ölkələrdə neft hasilatının azalması qarşıdakı aylarda gündəlik 3,5 mln. barelə çata bilər və "OPEC+" razılaşması ilə birlikdə dünya istehsalının ümumi azalması 2020-ci ilin ikinci yarısında təklifin qıtlığına gətirib çıxara bilər.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aprel ayı üzrə hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, "OPEC+" ölkələrində azalma nəzərə alınmaqla, tədarük həcmində ümumi bir azalma bazarı 2020-ci ilin ikinci yarısında defisit vəziyyətə keçirəcək. Bu, anbarlarda ehtiyatların artımına son qoyacaq və bazarın normal vəziyyətə qayıtmasına imkan verəcək.

Məlumata əsasən, neft istehsalın kəskin şəkildə aşağı düşməyə başlaması, bəzi həcmlərin strateji ehtiyatlara yönəldilməsi və tələbin bərpa olması təqdirdə, tələb təklifi üstələyəcək

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR