"Lukoil" ötən il "Şahdəniz-2" və "Marine XII" hesabına hasilatını artırıb

#
# 12:21
5 fevral 2020

Ötən il Rusiyanın "Lukoil" şirkətinin neft hasilatı 85 876 min ton təşkil edib (“Qərbi Kurna-2” layihəsi istisna). Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 0,3% çoxdur.

"APA-Economics"in "Lukoil" şirkətinə istinadən verdiyi məlumata görə, neft hasilatının artması əsasən Azərbaycanda 2018-ci ildə “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsinin başlanılması və 2019-cu ilin sentyabrında Konqo Respublikasında şirkət tərəfindən "Marine XII" layihəsində iştirak payının alınması ilə əlaqədardır.

Məlumata əsasən, xarici layihələr üzrə 2019-cu ildə "Lukoil"in neft hasilatı 3 808 min ton olub ki, bu da illik ifadədə 6,8% artım deməkdir.

Ötən il "Lukoil" bütün layihələr çərçivəsində 35 046 mln. kubmetr qaz hasil edib ki, bu da 2018-ci illə müqayisədə 4,5% çoxdur.

Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Qeyd edək ki, layihənin iştirakçıları – BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR