Mütəxəssislər qlobal neft istehlakının artım templərini müzakirə edib

Mütəxəssislər qlobal neft istehlakının artım templərini müzakirə edib
# 18 may 2020 17:12 (UTC +04:00)

Yaxın aylarda neft istehlakının artım tempi koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlərin aradan qaldırılma vaxtı ilə bağlı qeyri-müəyyənlik səbəbindən yüksək olmaya bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı ölkənin Maliyyə Nazirliyinin Makroiqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmasına istinadən xəbər verir.

Məlumata əsasən, tələbatın bərpasının asta tempi "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üçün yeni bir çağırış ola bilər.

Mərkəzin hesablamalarına görə, razılaşmanın ilk mərhələsində "OPEC+" ölkələrində 2020-ci ilin may-iyun aylarında istehsal aprel ayı ilə müqayisədə 21% azalacaq ki, bu da bazarda yaranan disbalansın yarısını kompensasiya edəcək.

"Bununla birgə koronavirusla bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılma vaxtı ilə bağlı qeyri-müəyyənliyi nəzərə alsaq, yaxın aylarda neft istehlakının artım tempi yüksək olmaya bilər. Belə bir vəziyyət bu ilin iyul ayından etibarən istehsalın artımını nəzərdə tutan "OPEC+" razılaşmasının qabağında yeni bir çağırışdır", - məlumatda deyilir.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR