Naxçıvanda fərdi yaşayış evlərinin enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları təsdiqlənib

Naxçıvanda fərdi yaşayış evlərinin enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları təsdiqlənib
# 29 iyun 2020 18:49 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında fərdi yaşayış evlərinin enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları təsdiqlənib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar verib.

Qərarda bildirilib ki, enerji təchizatı müəssisəsi tərəfindən fərdi yaşayış evlərinin enerji təchizatı şəbəkəsinə qoşulması (məişət abonentlərinə elektrik enerjisinin verilməsi) elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Enerji təchizatı müəssisəsi ilə məişət abonentinin (əhali) müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə abonentlərə verilən elektrik enerjisinin keyfiyyəti, miqdarı, dəyərinin ödəmə şərtləri və digər məsələlər enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsində göstərilir.

Hesablaşma uçot cihazları elektrik qurğularının quraşdırılması qaydalarına uyğun quraşdırılmalı və dövlət standartlarının tələblərinə cavab verməlidir. Elektrik qurğularının istifadəsi üçün elektrik sayğacı və elektrik sayğacınadək istifadə olunan mal-materiallar məişət abonentlərinin tələb olunan gücü 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) olduqda bütün xərclər daxil olmaqla enerji təchizatı müəssisəsinin vəsaiti hesabına quraşdırılır və dəyişdirilir. Abonentin müraciətinə əsasən tələb olunan gücü 5 kVt-dan yuxarı olan enerji təchizatı şəbəkəsinə qoşulmasına çəkilən xərclər isə istehlakçının vəsaiti hesabına ödənilir.

İstehlakçıların elektrik sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün enerji təchizatı müəssisəsi tərəfindən sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkanı olan elektrik qutusu ilə təmin edilməlidir. İstehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerji təchizatı müəssisəsi daşıyır.

İstehlakçının təqsiri olmadan zədələnmiş elektrik sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması enerji təchizatı müəssisəsi tərəfindən, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilir. Elektrik sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Elektrik sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.

Elektrik sayğacı istismara qəbul olunduqdan və elektrik təchizatı şəbəkəsinə qoşulduqdan sonra 5 iş günü müddətində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanır və həmin andan etibarən istehlakçıya elektrik enerjisinin verilməsi müqaviləyə uyğun təmin edilir.

Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində elektrik enerjisindən səmərəli istifadə və elektrik qurğularının etibarlı istismarı sahəsi üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti, dövlət standartlarının tələbləri sahəsi üzrə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və texniki və yanğın təhlükəsizliyi sahəsi üzrə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər.

İstehlakçılar elektrik sayğaclarının qanunvericiliyə müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

Qərar bu gündən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR