Nazir: "Koronavirusla bağlı OPEC+ çərçivəsində nazirlərin erkən görüşü keçirilməyəcək"

#
# 13:31
9 fevral 2020

Koronavirusla bağlı OPEC+ çərçivəsində nazirlərin erkən görüşü çox güman ki, keçirilməyəcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

"Ölkələr arasında koronavirusla bağlı müzakirələr OPEC+ formatında davam edir və bu müzakirələrin koordinasiyası ilə OPEC-in katibliyi məşğuldur. Lakin üzv ölkələr arasında da müzakirələr aparılır, Azərbaycanın da mövqeyi hər zaman soruşulur", - deyə P.  Şahbazov qeyd edib.

Onun sözlərinə görə, ilk öncə mart ayında keçirilməsi nəzərdə tutulan nazirlər görüşünün bir az tezləşdirib, fevral ayının ortalarında və ya sonunda keçirilməsi təklifləri var idi. Lakin daha sonra vəziyyət birdə təhlil edildi: "Çox güman ki, erkən nazirlər görüşü olmayacaq, iclas planlaşdırıldığı kimi, martın əvvəlində baş tutacaq".

Nazir onu da qeyd edib ki, koronavirusun neftin qiymətinə 10%-dən çox təsiri olub, amma hazırda vəziyyət sabitləşir.

"Neftin qiymətinin bir qədər bərpa olunması istiqamətində vəziyyət dəyişməkdədir və ona görə də biz martın əvvəlində Vyanada görüşüb, bu məsələni müzakirə edəcəyini gözləyirik. Bu arada Texniki Komitə Vyanada görüşüb və müəyyən tövsiyələrini verib. Nazirlər görüşündə bunlara baxılacaq, Komitənin vəzifəsi ancaq tövsiyə etməkdir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, OPEC+ Ekspert Texniki Komitəsi (bu ilin 4-6 fevralda keçirilən təcili yığıncağı nəticəsində) iştirakçı olkələrə koronavirusun təsirini aradan qaldırmaq məqsədi ilə gündəlik neft hasilatını bu ilin axırına kimi daha 600 min barel azaltmağı tövsiyə edib. Tövsiyə xarakteri daşıyan bu təklif yalnız OPEC+ Nazirlər Komitəsi (JMMC) tərəfindən baxıldıqdan sonra son qərarın verilməsi üçün bütün nazirlərə təqdim oluna bilər.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.ü

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR