Nazir müavini: "Azərbaycan iqtisadiyyatına indiyədək 270 mlrd. dollar investisiya yatırılıb"

Nazir müavini: "Azərbaycan iqtisadiyyatına indiyədək 270 mlrd. dollar investisiya yatırılıb"
# 11 dekabr 2019 15:11 (UTC +04:00)

“Müstəqillik illərində Azərbaycanın iqtisadiyyatına 270 mlrd. ABŞ dolları investisiya yatırılıb”.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Enerji Xartiyası Konfransının Brüsseldə keçirilən 30-cu iclasında çıxış edən Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev deyib.

“Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın uğurla reallaşdırılması sayəsində müstəqillik illərində investisiyaların həcmi 270 mlrd. dollar olub”.

Onun sözlərinə görə, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin edərək, transmilli enerji-kommunikasiya layihələri, xüsusilə də mənbə və marşrutların diversifikasiyasına xidmət edən “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir layihə ilə qlobal enerji təhlükəsizliyi sistemində mühüm tərəfdaşa çevrilməsi məhz əlverişli investisiya mühitinin nailiyyətləridir.

Nazir müavini hazırda energetika sektorunda, xüsusilə də bərpa olunan enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını, özəl və xarici investisiyanın cəlbi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

“Azərbaycanın sərmayələri qoruyan siyasəti, xarici investorlarla səmərəli əməkdaşlıq təcrübəsi imkan verir ki, energetika sektorunda bazar münasibətlərinin formalaşdırılması, bərpa olunan enerji sahəsinin daha da inkişafı və enerji səmərəliliyi ilə bağlı hədəflərimiz uğurla həyata keçirilsin”, deyə nazir müavini Samir Vəliyev bildirib.

Qeyd edək ki, gələn il Azərbaycan Enerji Xartiyası Konfransına sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR