Novak G20-ni neft bazarında monitorinq mexanizmi yaratmağa çağırıb

Novak G20-ni neft bazarında monitorinq mexanizmi yaratmağa çağırıb
# 10 aprel 2020 18:44 (UTC +04:00)

G20 (Böyük 20-lik) ölkələri birlikdə enerji bazarlarında olan vəziyyətin effektiv monitorinqi mexanizmini təşkil etməlidir.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" Rusiyanın Energetika naziri Aleksandr Novaka istinadən xəbər yayıb.

Onun sözlərinə görə, G-20-nin rolu "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin neft bazarını sabitləşdirmək səylərinə hərtərəfli dəstək olaraq görünür.

"Dünən, "OPEC+" formatında, bazarın sabitləşməsinə yönəlmiş istehsalın azaldılması üçün bir sıra məsələlər həll edilib. Mən danışıqların bütün iştirakçılarına səmimi təşəkkür etmək istəyirəm. Bu, həm istehsalçılar, həm də istehlakçılar üçün vacibdir. G20-nin rolu bu səyləri hərtərəfli dəstək verməsindədir", - deyə A. Novak qeyd edib.

Qeyd edək ki, dünən OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.

“Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC-+” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln. barrel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barel müəyyən edilib. OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR