OPEC 2020-2021-ci illər üzrə qobal neft tələbatı proqnozunu azaldıb

OPEC 2020-2021-ci illər üzrə qobal neft tələbatı proqnozunu azaldıb
# 14 sentyabr 2020 16:45 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-2021-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu gündəlik 0,4 mln. barel azaldıb. Yenilənmiş proqnoza görə, gündəlik tələbat 9,5 mln. barel azalacaq, gələn il isə 6,6 mln. barel artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə OPEC-in sentyabr hesabatında deyilir.

"Nəticədə, gündəlik tələbatın 90,2 mln. barel olacağı gözlənilir", - hesabatda qeyd olunub.

Proqnozun pisləşməsi əsasən COVID-19 infeksiyası hallarının sayının artması səbəbindən Asiya-Sakit okean regionunun bir sıra ölkəsində iqtisadi fəaliyyət səviyyəsinin azalması ilə əlaqədardır. Beləliklə, II rübdə Hindistan, İndoneziya, Tailand və Filippində neftə olan tələbat ilk gözləniləndən xeyli az olub. Eyni zamanda, II rübdə Çində neftə olan tələbat gözləntiləri üstələyib.

"2021-ci il üçün qlobal neft tələbatı proqnozu da gündəlik təxminən 0,4 mln. barel azaldılıb. 2021-ci ildə gündəlik tələbatın təxminən 6,6 mln. barel artaraq 96,9 mln. barelə çatacağı gözlənilir", - sənəddə deyilir.

OPEC onu da bildirir ki, peyvəndlə bağlı mövcud problemlərə görə koronavirusa yoluxanların sayının artması səbəbindən proqnozlara yenidən baxıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR