OPEC Azərbaycan üzrə proqnozunu dəyişməyib

OPEC Azərbaycan üzrə proqnozunu dəyişməyib
# 13 may 2020 16:52 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, proqnoza əsasən, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,7 mln. barel olacaq.

"Martda Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlər üzrə hasilat orta hesabla 0,79 mln. barel təşkil edib", - məlumatda deyilir.

Məlumata görə, proqnoz "Azəri-Çiraq-Günəşli" blokuna daxil olan “Çıraq” neft yatağında və “Şahdəniz” qaz-kondensat yatağında planlaşdırılan təmir işləri və ölkə tərəfindən razılaşdırılmış könüllü neft hasilatının tənzimləməsini nəzərə alınmaqla verilib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yerləşən "Şahdəniz Alfa" platformasının fəaliyyəti planlaşdırılmış təmir-sazlama işləri ilə əlaqədar bu ilin ikinci yarısında dayandıracaq. Bundan başqa B. Aslanbəylinin sözlərinə görə, 2020-ci ilin ikinci yarısında planlaşdırılmış təmir-sazlama işlərinin aparılması məqsədilə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda yerləşən "Çıraq" platformasının da işi dayandırılacaq.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Belə ki, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul – dekabr aylarında 131 min barel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barel müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR